Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi keçirilib

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fuad Babayevin vəkili vəsatət verib.
O, "GİRASOL Holdinq"lə bağlı bəzi sənədlərin sübutlar siyahısına əlavə olunmasını xahiş edib. Vəsatət təmin olunub və həmin sənədlər cinayət işinin materiallarına əlavə edilib.
İlqar Mustafayevin vəkili bildirib ki, "Mirvari" və "Şəfəq" adlı gəmilərdən gələn vəsaitin təqsirləndirilən tərəfindən mənimsəndiyi iddia olunub. Bildirib ki, sənədlərdə 8-10 min insanın həmin gəmilərdə 2020-ci ildə səyahət etdiyi göstərilib. Cədvəldə bir ayda 7 min nəfərin səyahət etdiyi də qeyd edilib. Qeyd olunub ki, o zaman pandemiya olduğu üçün bu, mümkün ola bilməzdi.
Vəkil gəmilərin tabe olduğu qurumdan və Bulvar İdarəsindən bu məsələ ilə bağlı məlumatların əldə olunmasını və məhkəməyə təqdim edilməsini xahiş edib.
Bulvar İdarəsinin nümayəndəsi həmin sənədlərin təqdim ediləcəyini bildirib.
Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini təklif edib.
Məhkəmənin qərarına əsasən vəsatət sənədlərin təqdim edilməsi mərhələsinədək baxılmamış saxlanılıb.
Proses avqustun 18-dək təxirə salınıb.
Qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Ermənilər anamın dayısını zəhərləyib öldürüblər
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) p...