Danimarkalılar Trumpdan Qrenlandiya əvəzinə Kaliforniyanı istəyir

Danimarkalılar Trumpdan Qrenlandiya əvəzinə Kaliforniyanı istəyir
Siyasət 142

ABŞ-nin yeni prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı almaq planına cavab olaraq Danimarkada Kaliforniyanın ABŞ-dən alınaraq Danimarka ərazisinə çevrilməsi üçün kampaniya başladılıb.

BAKU.WS xəbər verir ki, "Danimarkalaşdırma" (Denmarkification) adlı vebsaytda yayımlanan açıqlamada bu təşəbbüsün Trampın Qrenlandiyanı almaq istəyinə cavab olduğu bildirilib.

Açıqlamada vurğulanıb ki, Respublikaçı Tramp Demokratların əsas dayaqlarından biri olan Kaliforniyanı sevmir və uyğun qiymət qarşılığında onu satmağa razı ola bilər. "Tramp nə istəsə, onu edir və xalqın fikri onu dayandırmaz. Əgər Kaliforniyanı satmaq istəsə, satacaq", – deyə kampaniyanın təsisçiləri qeyd ediblər.

Danimarkalı fəallar ABŞ-də müzakirə edilən mövzulara istinad edərək bildiriblər ki, Kaliforniya Danimarkanın nəzarətinə keçərsə, burada hüququn aliliyi, universal səhiyyə xidməti və faktlara əsaslanan siyasət tətbiq ediləcək.

Kaliforniyanın seçilmə səbəbləri arasında isti və günəşli iqlimi, texnologiya sahəsindəki üstünlüyü, avokado istehsalı, azadlıq atmosferi və Disneyland kimi məşhur əyləncə parklarına malik olması göstərilib. Əyalət satılarsa, Disneyland-ın adı Danimarkalı nağıl yazıçısı Hans Kristian Andersenin şərəfinə dəyişdiriləcək.

Kampaniya təşkilatçıları "Anlaşmanı daha da cəlbedici etmək üçün Kaliforniya sakinlərinə ömürlük Danimarka şirniyyatları verəcəyik" ifadəsini işlədiblər. Təşəbbüsə təxminən 200 min nəfər imza atıb.

Trampın Qrenlandiya açıqlamaları

Tramp 2024-cü il dekabrın 23-də Truth Social hesabında paylaşım edərək, Qrenlandiyanın ABŞ-ın nəzarətində olması gərəkdiyini bir daha vurğulamış və adanın mülkiyyət və idarəçiliyinə sahib olmağın "mütləq zərurət" olduğunu bildirmişdi.

Onun bu açıqlaması Qrenlandiya rəsmiləri və digər siyasi dairələr tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.

Qrenlandiyanın baş naziri Mute Burup Eqede Trampın sözlərinə cavab olaraq "Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmırıq və heç vaxt satılmayacağıq. Uzun illərdir davam edən azadlıq mübarizəmizi əldən verməyəcəyik" demişdi.

Qeyd edək ki, Qrenlandiya və Farer adaları Danimarka Krallığının tərkibində muxtariyyətə malikdir və Qrenlandiya Danimarkadan 2900 km uzaqlıqda yerləşir.

Son xəbərlər