Ceyhun Bayramovun Rusiya və Ukrayna səfərləri Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir - RƏY
Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya və Ukraynaya rəsmi səfəri diplomatik gediş kimi Azərbaycanın hər iki tərəflə konstruktiv və güclü münasibətlər saxlaya bilən, etibarlı tərəfdaş olduğunu göstərir və bu imici daha da gücləndirir.
BAKU.WS xəbər verir ki, bu fikri "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O qeyd edib ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü Birləşmiş Millətlər Təşkilatı çərçivəsində tanıyır:
"Bilirsiniz ki, beynəlxalq siyasətdə əsas istiqamət balanslı diplomatiyadır. Azərbaycan mövcud qlobal geosiyasi qarşıdurmada heç bir tərəfi tam şəkildə onun maraqlarına uyğun olaraq dəstəkləmir, hər bir tərəflə milli maraqlara söykənən praqmatik xətt yürüdür. Azərbaycan istər humanitar sahədə, istərsə də digər istiqamətlərdə mühüm addımlar atır".
Deputatın sözlərinə görə, Ukrayna ilə münasibətlərdə bərpa əməkdaşlığı, ikitərəfli ticarət və müharibədən zərər çəkmiş ərazilərin bərpasına verilən humanitar dəstək davamlı xarakter daşıyır.
"Parlamentlər səviyyəsində də bu istiqamətdə ciddi addımlar atılır. Müharibədən zərər çəkmiş ərazilərdə yaşayan uşaqların Azərbaycana gətirilməsi, onlara göstərilən diqqət və münasibət mütləq şəkildə əsas istiqamətlərimizdən biridir. Çünki bizim marağımız və məqsədimiz, eyni zamanda, regionda sabitliyin təmin olunmasıdır. Bu baxımdan, Cənubi Qafqazda Bakı sülhün və sabitliyin təmin olunmasında maraqlı olan dövlət kimi çıxış edir. Bizim əsas istiqamətimiz suverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Məhz buna görə də biz regionda sülhün bərpası istiqamətində ciddi addımlar atırıq. Bu gün Şərqi Avropadakı gərginliklərin də siyasi-diplomatik yolla tənzimlənməsi mövqeyini Azərbaycan dəstəkləyir. Bəyanatlarımız ərazi bütövlüyü prinsipinə, beynəlxalq hüququn normalarına uyğundur. Dövlətlərin suverenliyi və ərazi bütövlüyü çox mühüm məsələdir", – deputat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan sülh və dialoq yolu ilə müharibənin dayandırılmasına nail olmağa çalışır:
"Azərbaycan çalışır ki, müharibədə vasitəçi kimi çıxış edərək onun dayanmasına nail olsun. Bütün mübahisələrin danışıqlar masası arxasında həll olunmasını istəyir və beynəlxalq hüquq normalarına uyğun olaraq bunun vacibliyini dünyaya çatdırır.
Qeyd etməliyik ki, praktiki iqtisadi əlaqələr də inkişaf edir. Səfərlər zamanı siyasi dialoqla yanaşı, iqtisadi, enerji və nəqliyyat layihələrinin perspektivləri müzakirə olunur. Eyni zamanda, bu məsələlər qanunvericilik və parlamentlər səviyyəsində də müzakirə edilir".
Mövzu ilə əlaqədar fikirlərini bölüşən deputat Hikmət Babaoğlu isə xatırladıb ki, Azərbaycan dünyanın mövcud mövqelər sistemində mühüm aktorlardan biri kimi daim beynəlxalq hüququ, ədaləti və sülhü üstün tutur:
"Amma bu, sadəcə nəzəri platformada qiymətləndiriləcək hadisə deyil. Azərbaycan həm də sülh naminə müharibə apararaq onu əldə edib.
Ukrayna hazırda Azərbaycanın 1990-cı illərin əvvəllərində yaşadığını yaşayır. Ukraynanın ərazisi qonşu ölkə tərəfindən işğal edilib, Azərbaycanın da ərazisi Ermənistan tərəfindən işğal edilmişdi. Azərbaycan uzun illərdən sonra ərazi bütövlüyünü bərpa edib, işğalla barışmayıb. Yəni gələcəyin yolunun nə qədər mürəkkəb, nə qədər çətin, amma eyni zamanda nə qədər mümkün olduğunu Azərbaycan öz təcrübəsində sübut edib. Ukraynanın da belə bir təcrübəyə ehtiyacı var".
H.Babaoğlu söyləyib ki, Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyi həm Ukrayna tərəfindən yüksək qiymətləndirilir, həm də digər ölkələr bu mövqeyə etiraz edə bilmirlər. Çünki bu mövqe ədalətlidir və beynəlxalq hüquqa əsaslanır:
"Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var. Bu münasibətlər, əlbəttə ki, Ukrayna müharibəsinin sülhlə bitməsi üçün Azərbaycan təcrübəsinə əsaslanaraq müəyyən potensial formalaşdırır. Amma məsələ bununla da bitmir. Ukrayna xalqı ilə Azərbaycan xalqının tarixdən gələn ortaq dəyərləri, ortaq etnik kökləri var. Mən düşünürəm ki, bu mühüm faktlar həm də Ukrayna-Azərbaycan üçün ortaq birgə gələcək vəd edir".
Deputat bildirib ki, sonrakı mərhələdə, müharibə bitəcək və Ukraynanın yenidən qurulması, bərpası mərhələsi başlayacaq. Azərbaycan bu məsələdə də yaxından iştirak edəcək. Çünki Azərbaycan dağıdılmış torpaqların necə bərpa ediləcəyinə dair təcrübəyə malikdir.
"Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun səfər trayektoriyasına diqqət etsək, burada müəyyən elementləri görəcəyik. Şuşada Azərbaycan Prezidentinin media nümayəndələri ilə görüşündən sonra verdiyi mesajlar və orada Rusiya-Ukrayna müharibəsi ilə bağlı sual verilərkən "Əgər məndən soruşularsa, mən mövqeyimi bildirərəm" deməsi, bundan sonra Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə zəng etməsi və nəhayət, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya və Ukraynaya səfəri... Əlbəttə, bunlar arasında hipotetik olaraq müəyyən məntiqi əlaqə qurmaq olar və düşünürəm ki, bu, regional sülh üçün hətta real fürsətə çevrilə bilər".
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasında, avqustun 6-da isə Ukraynada rəsmi səfərdə olub.
Oxşar xəbərlər
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. BAKU.WS bununla bağlı President...