Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib
Foto
Siyasət 3

Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı tərəflər 15 oktyabr tarixində Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan sədrliyinin və təşkilatın qarşıdakı dövr üçün prioritetləri, institusional inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

VII Sammitin Azərbaycanın sədrliyi altında uğurla keçirilməsinin, Asiya məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Sammitin yekunlarının təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların təşviqinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Sammitin yekun sənədləri üzrə əldə olunmuş razılaşmaların AQEM-in fəaliyyətinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi və təşkilatın praktiki nəticə yönümlülüyünün artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində zəngin təcrübəsini və beynəlxalq təşkilatlarda uğurlu sədrliyini qeyd edərək, ölkəmizin AQEM-ə sədrliyinin təşkilatın beynəlxalq rolunun və nüfuzunun artırılmasına, üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, eləcə də etimad quruculuğu tədbirlərinin təşviqinə yönəldiyini vurğulanıb.

Sədrliyimiz dövründə AQEM-in institusional inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və üzv dövlətlər üçün praktiki faydasının genişləndirilməsi istiqamətində görülən işlərə toxunulub. Təhsil, qadınların imkanlarının genişləndirilməsi, gənclər, media, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlər üzrə yaradılmış platformaların əhəmiyyəti xüsusi vurğulanıb. Həyata keçirilən təşəbbüslərin üzv dövlətlər arasında təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və konkret əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etdiyi bildirilib.

Baş katib Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin Baş katib vəzifəsində fəaliyyəti ərzində, son altı il müddətində göstərilən dəstəyə görə ölkəmizə təşəkkürünü ifadə edib.

Kayrat Sarıbay Azərbaycanın sədrliyinin AQEM-in inkişafı, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qarşıdakı dövrdə də təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov öz növbəsində Baş katib Kayrat Sarıbaya fəaliyyəti müddətində apardığı uğurlu işlərə görə təşəkkür edib, ona gələcək peşəkar fəaliyyətində müvəffəqiyyət arzulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər