Budapeştdə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü görüşü keçirilib

Budapeştdə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü görüşü keçirilib
Siyasət 18

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər arasında təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclası keçirilib.

İclas zamanı iki ölkə arasında mövcud əməkdaşlığın vəziyyəti, həyata keçirilən birgə layihələr, habelə ikitərəfli və çoxtərəfli formatlarda gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub.

Azərbaycan-Macarıstan münasibətlərinin dostluq, əməkdaşlıq və genişləndirilmiş strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyi, dövlət və hökumət başçıları səviyyəsində müntəzəm təmasların, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoqun münasibətlərin dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Son 30 il ərzində ikitərəfli ticarət və investisiyalar istiqamətləri üzrə əməkdaşlığın inkişaf dinamikası nəzərdən keçirilib. İqtisadi tərəfdaşlığın mövcud potensiala tam cavab verməsi üçün birgə səylərin artırılmalı olduğu bildirilib, bu çərçivədə Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının iclaslarının əhəmiyyəti diqqətə çatdırılıb. Ənənəvi və bərpa olunan enerji, istehsal, əczaçılıq, ətraf mühitin qorunması, rəqəmsallaşma işləri, nəqliyyat və logistika sahələrində yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Macarıstanın Azərbaycanın enerji sektoruna investisiyaları və rolu məmnunluqla qeyd olunub.

Humanitar sahədə əməkdaşlıqdan məmnunluq ifadə olunub, azərbaycanlı və macar tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları yüksək qiymətləndirilib, iki ölkənin aparıcı universitetləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı olaraq dil və mədəniyyət mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. BMT, bir sıra Avropa institutları və Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Macarıstan arasında mövcud sıx və konstruktiv əməkdaşlıq məmnunluqla qeyd edilib. Macarıstanın Türk Dövlətləri Təşkilatının və bütövlükdə türk dünyasının gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində və iki ölkənin namizədliklərinə qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.

Ceyhun Bayramov Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması istiqamətində atılan son addımlar barədə həmkarını məlumatlandırıb. Cari ilin avqustunda tarixi Vaşinqton Zirvəsində əldə olunmuş razılaşmaların sülhə aparan yolda mühüm mərhələ olduğu bildirilib.

Eyni zamanda, yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiya səviyyəsində Azərbaycana qarşı ərazi iddialarının ləğvinin vacibliyi vurğulanıb.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb. Macarıstan tərəfinin Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpası və digər layihələrdə iştirakı yüksək qiymətləndirilib.

Mina təhlükəsinin bərpa proseslərinə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına ciddi maneə yaratdığı diqqətə çatdırılıb.

Daha sonra nazirlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Enerji Nazirliyi arasında Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu sənədini və Azərbaycan-Macarıstan Strateji Dialoqunun 3-cü iclasının protokolunu imzalayıblar.

Sonda keçirilmiş birgə mətbuat konfransı zamanı nazirlər iclasın nəticələri barədə bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

***20:20

Budapeştdə xarici işlər naziri Ceyhun Bayramov və Peter Siyartonun həmsədrliyi ilə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü görüşü keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının mövcud yüksək səviyyəsini yüksək qiymətləndirib, dostluq və ortaq maraqlara əsaslanan, yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçiriblər.

Tərəflər ticarət, investisiyalar, energetika, nəqliyyat və logistika sahələrinə diqqət yönəldərək əməkdaşlığın yeni üfüqlərinin açılmasının vacibliyini vurğulayıblar.

Macarıstanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə səylərdə, xüsusilə Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasında iştirakına xüsusi diqqət yetirilib.

Azərbaycan Macarıstanın türk dünyasındakı fəal rolunu və BMT, ATƏT və digər beynəlxalq platformalarda sıx koordinasiyanı yüksək qiymətləndirir.

Görüşün sonunda tərəflər Macarıstan Energetika Nazirliyi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun üçüncü görüşünün Protokolunu imzalayıblar.

Son xəbərlər