“Bu gün Laçının işğaldan azad olunduğu gündür” sözlərini demək ümidi ilə… – müsahibə

“Bu gün Laçının işğaldan azad olunduğu gündür” sözlərini demək ümidi ilə… – müsahibə
Siyasət 659
Mən, Darabzadə Zaur Mehrab oğlu 31 may 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışam.Sovetlər məkanında, uşaq olarkən, o dövr gənc nəslin bir nümayəndəsi kimi özümü gələcəkdə qəhrəman seçdiyim Yuri Qaqarinə bənzətməyə çalışırdım.Bu cəmiyyətdə bərqərar olan ideologiya xoşbəxt gələcək vəd etməsinə baxmayaraq, 1990-cı ilin 20 yanvarında baş verən hadisələr bir çoxları kimi mənim də bu ideologiyaya qarşı fikirlərimi əsaslı surətdə dəyişdirdi.Heç zaman unuda bilmədiyim məqamlardan biri 5 yaşımda ikən 20 Yanvar hadisələrindən bir neçə gün sonra yolda təsadüfən tapdığım güllə idi. Bir anda o tapıntı və bütün o dəhşətli hadisələr mənim gələcəklə bağlı arzu və ümidlərimi də başqa səmtə yönəltdi. Gülləni xatirə olaraq saxlamaq arzusu olmasına baxmayaraq, məktəbdə bir gün hərb müəllimi tərəfindən alındıqdan sonra bu məni çox kədərləndirdi.Məktəbdə müəllimlərimiz bizə bu hadisələrlə bağlı ətraflı məlumatlar verirdi və hər il birgə Şəhidlər xiyabanına gedərək şəhidlərin ruhunu yad edirdik. Artıq çoxdandır ki, məktəbli deyiləm, lakin yenə də hər il 20 Yanvarda xiyabana gedərkən uşaq vaxtı keçirdiyim o hissləri təkrarən keçirir və torpaq altında yatan şəhidlərimizin ruhunun rahatlıq tapmasını diləyirəm.Orta təhsilimi Bakının 18 nömrəli məktəbində almışam. İxtisasca iqtisadçıyam. Anam mənim hüquqşünas və ya diplomat olmağımı arzulayırdı. Atam ixtisasca hüquqşünas olub. Lakin mənim özümü tam başqa bir səmtə çəkirdi.Media əhatəsinə düşməyimin özü də heç də təsadüfi hal deyildi. Sözün düzü mən təsadüflərə çox da inanan insan deyiləm və sizə bundan əlavə olaraq da deyim ki, ümumilikdə belə fikirdəyəm ki, bu həyatda heç bir şey təsadüfən baş vermir.Bu sahəyə gəlişim təbii birdən-birə baş verməmişdir. 18 yaşımda ANS şirkətlər qrupunda ilk əvvəl işləməyə başladığım zaman mənim bu sahəyə marağımın daha da artması və gələcəkdə məhz bu səpkidə özümü tapmaq istəyi formalaşmış oldu. Məhz burda işlədiyim dövr mənə böyük bir həyati məktəb də keçmiş oldu.1990-cı il 20 Yanvar hadisələrindən hələ tam baş açılmamış bir-birinin ardınca Azərbaycanın rayonları işğal altına düşdü. 1992-ci ilin mayın ayının 8-i Şuşanın işğalı hamını çaş-baş saldı. Heç kim bu səfalı guşənin zəbt olunmasına inana bilmirdi. Axı necə ola bilərdi ki, Azərbaycanın ən zəngin və bir çox dünya şöhrətli məşhurları qoynunda bəsləyən məkanlarından biri işğal altına salına bilərdi.Azərbaycanın digər Dağlıq Qarabağ rayonlarının işğalı da bütövlükdə xalqımızı kökündən sarsıtdı. O ərəfədə separatçılıq tərəfdarları olan bəzi qrup birləşmələri o çətin anda ölkədə daha da çaxnaşma yaratmaq istəyində idilər. Baş verənləri televiziya və radio vasitəsilə izləyərkən təsəvvürə belə sığmırdı ki, bu qədər acınacaqlı hadisələrin hamısı Azərbaycanın başına necə gələ bilərdi. Xalqın səbri artıq tükənmişdir. Bu həlledici məqamda Heydər Əliyevin Azərbaycana qayıdışı ölkəmizdə vətəndaş-qardaş qırğınının qarşısını aldı.Bu gün biz inkişaf etmiş cəmiyyətdə yaşayırıq. Bunların hamısı ulu öndərin xalqına miras qoyub getdiyi qiymətli töhfələrdəndir. Hesab edirəm ki, bizə yadigar qoyulan bu qiymətli töhfələr qorunub-saxlanılmalı və gələcək nəslə də qayğıyla ötürülməsi hər birimizin ilk növbədə mənəvi bir borcudur.Xalqımız daim öz mübarizliyi ilə böyük qələbələri yaşayan olub. 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə Bakı neftinin cəbhədə gedən həlledici döyüşlərdə qələbənin qazanılmasında böyük rolu olmuşdur. Bakının “Qəhrəman şəhər” adını almaması, o dövrdə SSRİ-nin müttəfiq respublikalara qarşı münasibətdə ayrı-seçkilik siyasətinin yeridilməsinin göstəricisi idi.67 ildən sonra Bakı neftinin bütün dünyada əsas aparıcı sahələrdən biri olduğunu sübuta yetirdik. Neftimiz əlavə qatışıqlarsız öz təmizliyinə görə dünya bazarında daim yüksək qiymətləndirilir.Unuda bilmədiyim məqamlardan biri də Qarabağda gedən hərbi əməliyyatlar zamanı anamın o hadisələrin şəxsən canlı şahidi olmaq üçün könüllü surətdə yoldaşları ilə birgə cəbhəyə yola düşməsi idi. O hadisələri izləyərkən nə hisslər keçirdiyi haqda öz şəxsi qeydlərində yazıya almışdır.Onun nə hisslər keçirməsini sözlə belə başa salmaq mənə çətin gəlir. Anamın cəsarətli addımı mənim gələcəkdə daha da mübariz olmağıma böyük təsiri oldu. Çünki bizlər daim öz ruh yüksəkliyimizi böyüklərimizdən alırıq və əslində bizim elə ən böyük və bənzəmək istədiyimiz qəhrəmanlarımız da məhz onlardır.Radio yayım sahəsində yenilik axtarışı fikrim məhz Azərbaycanda ilk internet radionun yaradılmasına gətirib çıxartdı. Sonradan bütün səylərimin bəhrəsini bu layihənin həyata keçirilməsi məqamında əbəs yerə olmadığına bir daha əmin oldum və nəticə özünü gözlədiyindən də çox doğrultdu. İnsan yalnız öz mübarizliyi və inamı ilə bir çox şeyləri əldə edə bilər. Bəlkə də həyatda bir çox uğurların sirri məhz bunlardır.Hər kəsdə olduğu kimi məndə də kədərləndiyim anlarla yanaşı, sevinc və qürur hissi keçirdiyim məqamlar olub. Mənim ən böyük fəxr və sevinc göz yaşları ilə keçirdiyim hisslər 2011-ci ildə Azərbaycanın 56-cı “Eurovision” mahnı müsabiqəsində qələbəsi oldu.Baxmayaraq ki, həmin an mən müsabiqənin keçirildiyi məkan Almaniyanın Düsseldorf şəhərində idim, bununla yanaşı, vətənimdə nələr baş verdiyini duya bilir və soydaşlarımla bərabər qələbə və sevinc hisslərini bir keçirirdim.Dövlət qayğısı nəticəsində xaricdə təhsil alan gənclər də öz vətənini layiqincə təmsil edir və əks tərəf birləşmələrinə qarşı daim sözdə və əməldə hazırdır. Biz belə gəncliyimiz və bütövlükdə gənclərimizlə böyük qürur hissi duyuruq. Sosial şəbəkələrdə informasiya baxımından kifayət qədər zəngin materialların təzahürü və ermənilərlə informasiya savaşında da hər zaman tam hazırlılıq faktoru bu gün göz qabağındadır. Azərbaycan bu gün beynəlxalq aləmdə də öz sözünü kifayət qədər demiş bir ölkədir.Xocalıda ermənilər tərəfindən törədilən hadisələrin bir sıra dünya dövlətləri tərəfindən Soyqırımı faktoru kimi tanınıb və qəbul edilməsi halı bütövlükdə Azərbaycan dövlətinin beynəlxalq aləmdə də aparılan uğurlu siyasətinin nəticəsidir. Türkiyənin İstanbul şəhərinin Taksim meydanında 2012-ci ilin fevralın 26-sında “Hepimiz hocalılı” adlı keçirilən yürüşün ümumilikdə bütün türk dünyasının böyük qələbəsi oldu.Yürüşün vaxtı özümün şəxsi müşahidələri zamanı izlədiyim və tükürpədici məqamlardan biri meydanda çox sayda insanların olması və sıxlığın da bu cəhətdən yüksək göstəricisinin olmasına baxmayaraq, hamının bir məqsəd və əqidə iştirakçıları olaraq yan-yana və əl-ələ bərabər getməsi həqiqətən də böyük qurur hissini keçirməyə vadar edirdi.Az sonra Fransanın qondarma “erməni soyqırımı”nın qəbulu aktını ləğv etməsi məqamına yürüşün hadisəsi və orada yüksək aktivlik mənzərəsinin də şübhəsiz böyük və həlledici təsiri oldu. Bu yaxınlarda biz daha bir böyük uğurun şahidi olduq. BMT-nin Təhlükəsizlik Şurasına Azərbaycanın qeyri-daimi üzv seçilməsi hadisəsini beynəlxalq aləmdə böyük diplomatik uğur kimi qeyd etmək olar.Mən inanıram ki, xalqımızın ən böyük qələbə hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi olacaq və bu qələbəni bizim böyüklərimizin də görə bilmək ümid hissi qəlbimdə daim yaşayır. Nə qədər ki, xalqımızın Çingiz Mustafayev kimi, Mübariz İbrahimov kimi igid oğulları vardır bu xalq daim qələbə çalacaqdır. Mən inanıram ki, bu qələbə çox yaxındadır. Ən böyük arzum gələcəkdə öz övladlarıma Qarabağ müharibəsi haqqında danışanda işğal tarixlərini yox, məhz azad olunduğu qələbə tarixini danışmaq istəyirəm!“Bu gün Laçının işğaldan azad olunduğu gündür” sözlərini demək ümidi ilə…Zaur Darabzadə

Son xəbərlər