Berlində aksiya keçirən güney azərbaycanlılar bəyanat yayıblar
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası keçirən güney azərbaycanlılar bəyanat yayıblar.
"Report"un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, bəyanatda deyilir:
"Azad dünyanın ayıq vicdanları!
İran vətəndaşları uzun illərdir ki, demokratiyanın bərqərar olması üçün mübarizə aparır. İran rejiminin zorakı və qeyri-insani davranışları nəticəsində minlərlə vətəndaş həyatını itirib, həbs edilib, işgəncələrə məruz qalıb və ya ağır xəsarətlər alıb. Xüsusilə son aylarda bütün ölkəyə bir inqilab dalğası yayıldı, amma təəssüf ki, rejim bu dalğanı zorakılıq və qəddarlıqla yatırtdı, yüzlərlə insanı qətlə yetirdi, minlərlə insanı yaraladı, on minlərlə insanı həbs edib işgəncələrə məruz qoydu. İran rejimi dərin siyasi, iqtisadi, sosial və ekoloji böhranlarla üzləşsə də, normal bir dövlətin əsas tələblərini yerinə yetirə bilməsə də, ölkədə yoxsulluq, işsizlik və korrupsiya tüğyan etsə də, təəssüf ki, hələ də daxildə vətəndaşlara zülm etməyə, eləcə də regionda və dünyada terror yaymağa davam edir.
Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklər ölkə əhalisinin nisbi əksəriyyətini təşkil edib, ölkənin tarixində və quruluşunda mərkəzi rol oynasa da, İrandakı digər əzilən xalqlar kimi bu gün öz təməl iqtisadi, siyasi, mədəni və ictimai hüququndan məhrumdur. Millətimiz bir əsrdən artıqdır ki, öz fundamental hüquqları uğrunda mübarizə aparır və bu gün də “Azadlıq, Ədalət, Milli Hökumət” strateji şüarı ilə demokratik tələbləri uğrunda mübarizəsini davam etdirir. Millətimiz bu mübarizəyə görə çox əziyyətlər çəkib, lakin azadlıq və ədalət uğrunda mübarizəsini heç vaxt dayandırmayıb.
Həmçinin, İran rejimi vətəndaşlarımıza qarşı zülm və təzyiqləri o həddə çatdırıb ki, cəmiyyətin ən məsum və müdafiəsiz hissəsini, tələbə qızları kimyəvi hücumlarla hədəfə alır. Aylardır ki İran rejimi bu cani hücumların məsul şəxslərini tapmayıb, bir haldaki həmin rejim bir neçə gün ərzində küçə etirazçılarında iştirak edən insanları həbs edib.
Biz bu mitinqin iştirakçıları olaraq bununla bütün azad dünyadan tələb edirik ki, İrandakı bütün əzilən xalqlara, o cümlədən Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklərə bu rejimdən qurtulmaq və demokratik hüquqlarını əldə etmək üçün kömək etsinlər.
Biz dünya dövlətlərindən İran rejiminin savaş və terror ixrac etmək siyasətləri qarşısında səssiz qalmamasını tələb edirik, hansı ki nümunələrini Azərbaycan, Suriya, Yəmən, Livan, Ukrayna və s.-də görürük. Biz İran rejiminin düşmənçilik və avantürist siyasətinə məruz qalan bütün xalqlarla birgə olduğumuzu bildiririk və xüsusilə bəyan edirik ki, İran rejiminin düşmənçilik siyasətinə qarşı Şimali Azərbaycandakı bacı və qardaşlarımızın yanındayıq.
Biz ayrıca Güney Azərbaycanın hüquqlarını beynəlxalq aləmdə müdafiə edənlərə də təşəkkür edirik. İsrail parlamenti millət vəkillərinin millətimizin hüquqlarının müdafiəsi ilə bağlı məktubu İsrail və Azərbaycan millətlərinin dostluq və məhəbbətinin mükəmməl nümunəsi idi və ona görə də təqdirəlayiqdir. Təbii ki, Güney Azərbaycanın hüquq və azadlıqlarını beynəlxalq aləmdə dəstəklədiyinə və müdafiə etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildirməliyik, çünki onun sayəsində Güney Azərbaycan məsələsi dünya ictimaiyyətinin diqqət mərkəzində yer almışdır".
Qeyd edək ki, hazırda Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib. Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak ediblər.
Aksiya iştirakçıları daha sonra yürüş keçiriblər.
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.
Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.
Oxşar xəbərlər
“Haber Global” Güney azərbaycanlıların Berlindəki aksiyası ilə bağlı süjet hazırladı - VİDEO
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı aksiya keçirilib. Türkiyənin “Haber Globa...