Azərbaycanlı qadın Amerika filmində - FOTO
30
iyn
2018
09:41
ABŞ-ın “UnionDocs” kinostudiyası Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın ailəsi haqqında sənədli film çəkib. BAKU.WSxəbər verir ki, bu barədə İnterpress.az-a Minəvvər Vahabova özü məlumat verib. Belə ki, “Nərminin doğum günü" adlı filmin hazırlığı 6 ay çəkib və ərsəyə gələn film 25 dəqiqəlik olub. Filmdə bir ailədə olan üç nəslin həyat hekayəsindən bəhs edilir.M.Vahabovanın sözlərinə görə, bu filmin çəkilişi “UnionDocs” tərəfindən təklif olunub: “2018-ci ilin yanvar ayında “UnionDocs”da çalışan Cenni Qroza Nyu-York Azərbaycan Evinə gəldi və Azərbaycan mövzusunda sənədli film çəkmək istədiyini söylədi. Biz onunla xeyli söhbət etdik. Məlum oldu ki, Cenni iki il könüllü olaraq Azərbaycanda yaşayıb və yerli əhaliyə ingilis dilindən dərs deyib. Cenni Azərbaycan haqqında xoş xatirələrini bizimlə bölüşdü. Söhbətin sonunda qərara gəldi ki, film bizim ailə haqqında olsun. Beləliklə, 6 ay ərzində bizim ailənin həyatını bütün aspektlərdə lentə aldılar. Cenni Qroza, Lidiya Kornett və Anş Ranvir Vohra bütün bu altı ayda, demək olar ki, bizimlə oldular və çoxlu material topladılar”.
O bildirib ki, bu sənədli filmin mövzusu onun ailəsində olan və bir-birindən fərqlənən üç nəsil haqqındadır: “Anam İsmət xanım 82 yaşlı azərbaycanlı qadın, mən-orta nəslin nümayəndəsi, həm tam azərbaycanlı, həm də Amerika həyatına lazımınca inteqrasiya etmiş qadın və qızım 16 yaşlı Nərmin - demək olar ki, tamamilə amerikalı gənc qız. Mövzu çox maraqlıdır, film də maraqlı, rəngarəng alınıb. Ümid edirik ki, film müxtəlif kino festivallarında lazımi mükafatları qazanacaq”.Xatırladaq ki, bu günlərdə “Nərminin doğum günü” və daha 7 filmin təqdimat mərasimi olub. Təqdimat mərasimində “UnionDock” təşkilatının rəhbərləri, nümayiş etdirilən 8 filmin yaradıcı heyəti, filmlərin qəhrəmanları və digər qonaqlar iştirak ediblər. Hər bir film ayrı-ayrılıqda tamaşaçılarda xüsusi maraq yaradıb. Tamaşaçılar filmin yaradıcılarına və qəhrəmanlarına onları maraqlandıran sualları ünvanlayıblar və bu suallara cavab alıblar. Təqdimat mərasimində “Nərminin doğum günü" filmində azərbaycanlı ailədə nənənin fikirləri, 16 yaşlı Nərminin mülahizələri, Nyu-York kimi meqapolisdə yaşayan azərbaycanlı ailəsinin həyat tərzi, bayramlarımız, Nərminin doğum günü şənliyi, ailənin adi günləri və s. tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “UnionDocs” sənədli filmlərin çəkilişi ilə məşğul olur. Hər il onlarla sənədli film çəkilərək ictimaiyyətə təqdim olunur və mötəbər kino festivallarına göndərilir. “UnionDocs”un əsas məqsədi Nyu-Yorkda və digər ştatlarda yaşayan və müxtəlif xalqları təmsil edən insanların həyatı, yaşayışı, mədəniyyəti, müxtəlif problemləri və immiqrant həyatlarında olan nüansları ictimai və sosial müstəviyə çıxararaq multikulturalizmi təbliğ etməkdir.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkiləcək
Türkiyədə Azərbaycanın Mili Qəhrəmanı Mübariz İbrahimovun həyatı haqqında film çəkiləcək.BAKU.WS-in məlumatına görə, “Rend Medya” şirkəti tərəfindən çəkiləcək f...