Azərbaycan prezidenti Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib
13
fev
2018
18:51
Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev qonaqların Azərbaycana səfərinin çox məhsuldar və maraqlı olacağına əminliyini ifadə edib.“Sizin səfəriniz onu nümayiş etdirir ki, ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq var və biz yeni layihələr və yeni ideyalar haqqında düşünməliyik. İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var”, - deyə o vurğulayıb.Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir: “Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabət qabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 35-cı yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq”.Prezident bildirib ki, alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır: “Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq”.Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele isə bildirib ki, Azərbaycan Almaniya üçün çox maraqlı ölkədir: “Çünki biz həqiqətən də ölkənizdə çoxlu potensial görürük. Bizim Sizin ölkənizə olan marağımızı göstərən bu böyük nümayəndə heyəti sadəcə Azərbaycana səfər etmək üçün yox, ölkənizdə daha da fəal olmaq, qeyri-neft sektorunda alman müəssisələri üçün imkanları müəyyənləşdirmək məqsədilə gəlib. Çünki biz hesab edirik ki, uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, əlbəttə, hər iki tərəf üçün faydalıdır. Bizim üçün ona görə ki, biz ən azından bu işə töhfəmizi verə biləcəyimizə ümid edirik. Azərbaycan isə uzunmüddətli perspektivdə iqtisadiyyatını daha da tarazlaşdıra bilər”.Böyük nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini deyən V. Büxele bu tədbirdə ölkəmizlə birbaşa əməkdaşlıq etmək arzusunda olan iri şirkətlərin rəhbərlərinin təmsil olunduğunu deyib.Almaniyanın tikinti sahəsində ixtisaslaşan “GP Günter Papenburg“ şirkətinin İdarə Heyətinin sədri Günter Parenburq isə təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq şirkət tərəfindən ölkəmizdə ixtisaslı kadrlar üçün təlimlərin keçirildiyini bildirib, ölkəmizlə əməkdaşlığın gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. G. Papenburg rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarında müxtəlif layihələrdə, o cümlədən tikinti materialları, tullantıların emalı sahələrində iştirak etməkdə maraqlı olduğunu deyib.Almaniyanın tunelqazma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Herrenknext” şirkətinin İdarə Heyətinin sədri Martin Herrenknext Azərbaycanda fəaliyyətə başladıqlarını qeyd edərək bu istiqamətdə görülən işlərdən danışıb. O, ölkəmizdə metro tikintisi sektorunda təmsil etdiyi şirkətin iştirak etməkdə maraqlı olduğunu bildirib: “Biz Bakıda özümüzü həqiqətən təhlükəsizlik şəraitində hiss edirik. Bakı regionda fəaliyyət göstərən alman şirkətləri üçün bir mərkəz ola bilər. Bununla bağlı təbriklərimi çatdırıram. Mən Bakıya kifayət qədər hörmət hissi bəsləyirəm. Bura yaşamaq üçün yaxşı yerdir. Əla mehmanxanalar var”.BAKU.WS
Oxşar xəbərlər
Prezident Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallaghe...