Azərbaycan hökuməti Rusiya təyyarəsinin vurulmasına münasibət bildirdi
Azərbaycan cəmiyyəti, bizim hər birimiz, hər bir vətəndaş son günlərdə məlum insidentlə əlaqədar Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini və narahat olduğunu bildirir.
BAKU.WS-in məlumatına görə, bu fikirləri AzərTac-a açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov son günlər Türkiyə ilə Rusiya arasında yaranmış gərgin münasibətləri şərh edərkən bildirib.
Türkiyənin bizim üçün qardaş və strateji müttəfiq ölkə olduğunu vurğulayan Əli Əhmədov deyib: "Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu, bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər. Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır.”
BAKU.WS
Oxşar xəbərlər
Putindən Ərdoğana : "Bu arxadan xaincəsinə vurulan zərbədir" (VİDEO)
"Rusiya Türkiyəni terrorçuluğa qarşı mübarizədə tərəfdaş və müttəfiq kimi görürdü. Su-24 təyyarəsinin vurulması bu sağlam düşüncəyə ziddir". BAKU.WS-in məluma...