Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər?
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyən xüsusi proqram qəbul edilib.
Bununla bağlı sənəd avqustun 23-də Daşkənddə keçirilən mərasimdə mübadilə olunub.
Qeyd edək ki, son illərdə iki ölkə arasında ticarətin həcmi sürətlə artmaqdadır. 2025-ci ildə Azərbaycan və Özbəkistanın xarici ticarət dövriyyəsi əvvəlki ilə nisbətən üç dəfədən çox artaraq 795 milyon 160 min dollara yüksəlib. Bu da o deməkdir ki, 1 milyard dollarlıq hədəfə çatmaq üçün bu göstərici 25.8% artmalıdır.
Bəs iki ölkə arasında ticarət dövriyyəsi hansı sahələrin hesabına artırıla bilər?
İqtisadçı Eldəniz Əmirov Baku TV-yə bildirib ki, mövcud göstəricilər bu hədəfin real olduğunu göstərir:
"Tranzit yükdaşımalarında artım, ticarət dövriyyəsinin yüksəlməsi, birgə fəaliyyət üçün yaradılmış müəssisələr və 500 milyon dollarlıq nizamnamə kapitalına malik investisiya şirkətinin mövcudluğu iki ölkə arasında ticarətin 1 milyard dolları keçməsi üçün imkan yaradır. Eyni zamanda, birgə ixrac yeni və qarşılıqlı faydalı iqtisadi modelin əsasını formalaşdıra bilər".
2025-ci ildə iki ölkə arasında ticarətin 9.6 faizini Azərbaycanın, 90.4 faizini isə Özbəkistanın ixracı təşkil edib. İqtisadçı Xalid Kərimli Azərbaycanın bu ölkəyə ixracının artırılmasının vacibliyini qeyd edir:
"İki ölkə arasında siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf edir. Ticarətin yaxın zamanda 1 milyard dollara çatması real hədəfdir. Bunun üçün Azərbaycan Özbəkistan bazarına ixrac imkanlarını genişləndirməyə xüsusi diqqət yetirməlidir".
Millət vəkili Vüqar Bayramov isə hesab edir ki, Azərbaycan və Özbəkistanın qeyri-neft qaz sektoru üzrə əməkdaşlıq imkanları genişdir:
"Özbəkistanda emal olunmuş qida məhsullarına tələbat yüksəkdir. Azərbaycan bu istiqamətdə Özbəkistan bazarına daha çox məhsul göndərə bilər. Bu da 1 milyard dollarlıq hədəfə daha qısa müddətdə çatmağa imkan verər".
Qeyd edək ki, 2025-ci ildə ölkələr bir-biri ilə 893 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. Azərbaycanın Özbəkistandan aldığı məhsulların 71%-i qeyri-monetar qızıl, bu ölkəyə satdığı malların təxminən yarısı şəkər olub.
Oxşar xəbərlər
Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib
Prezident İlham Əliyev "Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin...