Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı - Prezident

Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı - Prezident
Siyasət 87

Bu, Ermənistan üçün dərs olmalıdır. Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.

"Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi. Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik.

İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər