Azərbaycan və Türkiyə bölgənin rifahına xidmət edən çoxsaylı addımlar atıb

Azərbaycan və Türkiyə bölgənin rifahına xidmət edən çoxsaylı addımlar atıb
Siyasət 48

Şuşa Bəyannaməsinin imzalanmasından ötən dörd il ərzində Azərbaycan və Türkiyə bütövlükdə bölgənin rifahına xidmət edən çoxsaylı addımlar atıb.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib, bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda 3 beynəlxalq hava limanının açılışında iştirak edib:

"May ayının 28-də Azərbaycanın müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılış mərasiminə də qardaş ölkənin prezidenti qatıldı.

Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı müddəa da yer alıb və qeyd olunur ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər".

K. Nurullayeva vurğulayıb ki, dövlət başçıları "Şuşa qanunu" kimi tarixə düşən Şuşa bəyannaməsini münasibətlərin yeni mərhələsi üçün "yol xəritəsi" kimi qiymətləndiriblər:

"Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb.

Bakı və Ankara postmünaqişə dövründə də bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi təbii ki, həm də Azərbaycanın güclənməsi deməkdir. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi".

Bəyannamənin strateji əhəmiyyətini artıran məqamlar sırasında hərbi əməkdaşlığın da olduğunu vurğulayan deputatın sözlərinə görə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin bəyannamədə əks olunması tarixi nailiyyətdir:

"Ölkələr bir-birinin təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. İki qardaş ölkə bu illər ərzində Şuşa Bəyannaməsindən irəli gələn birgə hərbi təlimlər reallaşdırmaqdadır.

Bakı və Ankaranın Şuşa bəyannaməsi dünyaya verdiyi əsas mesajlardan biri də Cənubi Qafqazı sülh regionuna çevirməkdir. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir.

Qardaş Türkiyə həm bərpa prosesinə, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına da töhfə verməkdədir. Bir çox Türkiyə şirkətləri Qarabağda bərpa işləri ilə məşğuldur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.

Ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən Şuşa Bəyannaməsinin icrası keyfiyyətcə daha yüksək işbirliyini təmin etməkdədir".

Son xəbərlər