Azərbaycan-Rusiya münasibətlərində yeni dinamika

Azərbaycan-Rusiya münasibətlərində yeni dinamika
Video
Siyasət 76

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüş iki ölkə münasibətlərində son bir ildə yaranan gərginliyi aradan qaldıran əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

Görüş konstruktiv, açıq və işgüzar atmosferdə keçib. Görüşün əsas mövzularından biri 2024-cü ilin dekabrında Rusiyanın hava məkanında, şimal qonşumuz tərəfindən vurulan AZAL təyyarəsi olub. Uzun müddətdir ictimaiyyətin cavab gözlədiyi qaranlıq məqamlara bu dəfə Rusiyanın birinci şəxsinin dilindən aydınlıq gətirilib. Putin faciədən dərhal sonra üzr istədiyini xatırladaraq, Moskvanın məsuliyyəti qəbul etdiyini, istintaqa tam dəstək verdiyini və kompensasiya mexanizmlərinin işə düşəcəyini açıq şəkildə bəyan edib. Bu, Azərbaycanın bu məsələdə irəli sürdüyü əsas tələblərin mahiyyət etibarilə qəbul olunduğunu göstərir. Rusiya lideri hadisənin səbəblərini də konkret şəkildə izah etdi: "Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiya hava məkanına daxil olması və həmin anda Hava Hücumundan Müdafiə Sistemində yaranan texniki nasazlıq faciəyə gətirib çıxarıb".

Bu, həm iki ölkə arasında yaranmış gərginliyə aydınlıq gətirdi, həm də rəsmi Moskvanın məsuliyyətdən yayınmaq niyyətində olmadığını ortaya qoydu. Əlbəttə, bu açıqlama ikitərəfli münasibətlərin gərginlik mərhələsindən çıxaraq normal məcraya yönəldiyini göstərir.

Prezident İlham Əliyev də istintaqın şəffaf aparılmasına və şəxsən Putin tərəfindən nəzarətdə saxlanılmasına görə minnətdarlığını bildirib. Düşənbə görüşü həm də bu mesajı verdi ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq prinsipləri dəyişməz olaraq qalır. İqtisadi əlaqələrdə artım, humanitar sahədə davamlı əməkdaşlıq və siyasi dialoqun bərpası bunu bir daha təsdiqləyir. Ən önəmlisi isə budur ki, bu görüş anti-Azərbaycan ritorikasından qidalanan, iki ölkə münasibətlərinə xələl gətirməyə çalışan Simonyan, Solovyov, Zatulin kimi qüvvələrin planlarını puça çıxardı. Çünki Moskvanın rəsmi mövqeyi münasibətlərin pozulması deyil, möhkəmləndirilməsi istiqamətindədir.

Putinin açıq və praqmatik bəyanatı həm də Rusiyada Azərbaycana qarşı aparılan neqativ kampaniyalara cavab kimi qiymətləndirilə bilər. Düşənbədən gələn mesaj aydındır: Moskva-Bakı münasibətləri müttəfiqlik ruhunda davam edəcək və hadisələrə soyuqqanlı, real siyasi baxış sərgilənəcək. Bu görüş əslində son aylarda toplanmış gərginliyi aradan qaldıran və gələcəyə yönəlik yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər