Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Azərbaycan Respublikası baş nazirinin müavini, Komissiyasının Azərbaycan tərəfdən həmsədri Samir Şərifovun və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, Komissiyanın Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayevin sədrlik etdikləri iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Əvvəlcə Hökumətlərarası Komissiyanın həmsədrlərinin ikitərəfli görüşü keçirilib, daha sonra müzakirələr Komissiyanın 6-cı iclasında, geniş tərkibdə davam etdirilib.
Tərəflər qardaş və dost xalqlarımızı birləşdirən tarixi-mədəni bağlara, iki ölkə prezidentləri - İlham Əliyev və Sadır Japarov arasında mövcud olan mütəmadi siyasi dialoqun və qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində həlledici rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, 2024-2029-cu illəri əhatə edən əməkdaşlıq proqramı ikitərəfli münasibətlərin sistemli şəkildə genişləndirilməsi üçün əsas yol xəritəsi rolunu oynayır.
Son dövrdə ticarət dövriyyəsində artım müşahidə olunur, 2025-ci ilin ilk 10 ayı ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 94 faizdən çox artıb.
İclas zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra əhəmiyyətli razılaşmalar əldə edilib. Tərəflər Qırğızıstan ərazisində ticarət-logistika mərkəzinin yaradılması imkanlarının araşdırılmasını, biznes missiyalarının təşkili və məlumat mübadiləsinin gücləndirilməsini, həmçinin COP29 çərçivəsində irəli sürülmüş "Yaşıl keçid" təşəbbüslərində əməkdaşlığı müzakirə ediblər.
Habelə, investisiya və sənaye sahələrində də mühüm əməkdaşlıq istiqamətləri müəyyən olunub.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti yüksək qiymətləndirilmiş, birgə investisiya layihələrinin genişləndirilməsi, AZPROMO ilə Qırğızıstan Ticarət-Sənaye Palatası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması, İssık-Kul gölü sahilində beşulduzlu hotel tikintisinin dəstəklənməsi, həmçinin kurort şəhərinin yaradılması layihəsinin nəzərdən keçirilməsi kimi məsələlər razılaşdırılıb.
Sənaye zonaları və azad iqtisadi zonalar üzrə təcrübə mübadiləsinin təşkil olunması da tərəflərin diqqət mərkəzində olub.
Turizm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə turizm şirkətlərinin əlaqələndirilməsi, birgə tur-paketlərin hazırlanması, sərgi və festivallar üzrə məlumat mübadiləsi, sağlamlıq turizmi üzrə əməkdaşlıq kimi istiqamətlər müəyyən edilib. Bakı-Bişkek-Bakı hava reyslərinin turizm axınına müsbət təsiri xüsusi vurğulanıb.
Kənd təsərrüfatı sahəsində tərəflər virussuz tinglərin istehsalı üzrə təcrübə mübadiləsi, intensiv balıqçılıq, balıqçılıq və akvakultura sahəsində birgə təlimlər, baytarlıq və fitosanitar nəzarəti üzrə əməkdaşlığın genişləndirilməsi, damazlıq heyvanların ticarəti və aqrosığorta sistemlərinin inkişafı kimi genişspektrli fəaliyyət istiqamətlərini razılaşdırıblar.
Enerji sahəsində "2024-2025-ci illər üzrə Yol Xəritəsi"nin icrası, SOCAR-la "Qırğızstannefteqaz" arasında əməkdaşlığın genişləndirilməsi, Qırğızıstanın "Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsində iştirakı kimi məsələlər üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi dair razılıq əldə olunub.
Nəqliyyat sahəsində isə tərəflər Orta Dəhlizin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin region üçün perspektivləri, Bakı limanının imkanlarından istifadə və tranzit keçidlərin artırılması məsələlərini müzakirə ediblər.
Humanitar və təhsil sahəsində, universitetlər arasında əməkdaşlıq, tələbələr üçün illik təqaüd kvotaları, "Study in Azerbaijan" proqramında iştirak, müəllim mübadiləsi, dil mərkəzlərinin yaradılması, akademik araşdırmaların birgə təşkili və kitabxanalararası virtual platformaların yaradılması müzakirə edilib.
İclasda həmçinin ekologiya, rəqəmsal inkişaf, kibertəhlükəsizlik, səhiyyə, sosial təminat, dövlət xidmətləri, memarlıq və şəhərsalma, eləcə də bank sektoru üzrə əməkdaşllq məsələləri müzakirə olunmuş və yeni istiqamətlər müəyyən edilib.
Tərəflər bütün sahələrdə qarşılıqlı etimada əsaslanan, dostluq və qardaşlıq ruhunda inkişaf edən münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Komissiyanın 7-ci iclasının Qırğız Respublikasında keçirilməsi barədə razılıq əldə olunub və tarixlərin diplomatik kanallar vasitəsilə müəyyən ediləcəyi bildirilib. Sonda Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar.
İclasdan sonra Hökumətlərarası Komissiyanın Qırğız Respublikasından olan üzvləri Kosmik Agentliyin fəaliyyəti ilə tanış olmaq üçün "Azərkosmos"a gediblər.
Dekabrın 9-da qonaqlar Bakı Gəmiqayırma və Heydər Əliyev adına Neft Emalı Zavodlarının işi ilə də tanış olacaqlar.
Qeyd edək ki, dekabrın 7-də Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt sənaye parkındakı İstifadə olunmuş mühərrik və sənaye yağlarının emalı və baza yağlarının istehsalı zavodu ilə tanış olub.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramovla Abbas Əraqçı mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Seyid Abbas Əraqçı mətbuata bəyanatlarla çıxış ediblər. BAKU.WS xəbər verir ki...