Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Parlamentində görüşlər keçirib.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, 17 avqust tarixində Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Parlamentində görüşlər keçirib.
Parlamentin yuxarı palatası olan Senatda hakim Milli Liberal Partiyasının sədr müavini, senator Glad-Aurel Varqa ilə görüş baş tutub.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regionlarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.
Senator Glad-Aurel Varqa Rumıniya ilə Azərbaycan arasında tarixi dostluq və sıx tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, regionlararası iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində parlament müstəvisində müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, iki ölkənin parlamentləri arasında münasibətlərin müsbət dinamikada inkişaf etdiyini vurğulayıb. Glad-Aurel Varqa Azərbaycan tərəfini təmsil etdiyi Arad regionu ilə əməkdaşlığa dəvət edib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov senator Glad-Aurel Varqaya Rumıniyanın Maramureş regionuna səfəri çərçivəsində əldə edilən razılıqlar barədə məlumat verib,
Qarabağ regionunda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın maliyyə imkanları hesabına keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən infrastruktur layihələri və xarici investorlar üçün yaradılan imkanlar barədə danışıb.
Elçin Yusubov qarşı tərəfə Rumıniyada göstərilən diqqətə görə minnətdarlığını bildirərək, senator Glad-Aurel Varqanı Xankəndiyə dəvət edib.
Bundan əlavə, Parlamentin Deputatlar Palatasında nümayəndə heyətinin hakim Sosial-Demokrat partiyasının sədr müavini, deputat, Azərbaycan ilə Rumıniya parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsədri Marian Neakşu və deputat Radu Oprea ilə görüşü baş tutub. Görüşdə parlamentlərarası münasibətlər və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Marian Neakşu Azərbaycanı Rumıniyanın etibarlı tərəfdaşı adlandıraraq, üç il öncə Rumıniya nümayəndə heyəti tərkibində Azərbaycana səfərini və dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən qəbul edildiklərini xatırlayıb. O, iqtisadi əməkdaşlığın səmərəli şəkildə inkişafı üçün fəaliyyət planının tərtib edilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Elçin Yusubov Marian Nekşunu Qarabağa səfərə dəvət edib. M.Neakşu dəvətə görə təşəkkürünü ifadə edərək, yaxın zamanda Azərbaycana, xüsusən Qarabağa səfər edəcəyinə söz verib.
Qalereya
Oxşar xəbərlər
Rusiya rəsmilərinin Azərbaycana qarşı açıqlamaları hüquqi məsuliyyət yaradır
Rusiya rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər, davranışlar, bəyanatlar qarşıdurma yaradır və hüquqi məsuliyyət doğurur. BAKU.WS xəbər verir ki, b...