AZCON-da iki təyinat olub

AZCON-da iki təyinat olub
Siyasət 245

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) 2 yeni təyinat olub.

Bu barədə AZCON-dan məlumat verilib.

Bildirilir ki, Orxan Madar oğlu Quliyev AZCON-da baş texnologiya və rəqəmsallaşma inzibatçısı - Rəqəmsal transformasiya departamentinin direktoru, Emil Alıxan oğlu Pənahov isə baş təchizat zənciri inzibatçısı - Təchizat zəncirinin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib.

Orxan Quliyev 10 fevral 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya texnologiyaları və rabitə idarəsində başlayıb. 2018-2025-ci illərdə "SOCAR Caspian İnnovation Center" MMC-də çalışıb və 2022-ci ildən etibarən baş əməliyyatlar direktoru vəzifəsini icra edib. Bakı Ali Neft Məktəbinin müəllimidir. O, 2021-ci ildə keçirilmiş birinci "Yüksəliş" müsabiqəsinin qalibidir.

O.Quliyev 1989-cu ildə anadan olub. O, SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistratura təhsili alıb.

Emil Pənahov bu təyinatadək, 2022-2025-ci illərdə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinin müdiri vəzifəsində çalışıb. O, əmək fəaliyyətinə 2004-cü ildə BP şirkətində başlayıb. 2007-2012-ci illərdə "Paşa İnşaat" şirkətində Təchizat üzrə menecer kimi çalışıb.

2012-2022-ci illərdə "North West Construction" şirkətində Təchizat zəncirinin idarəolunması departamentinin direktoru, 2017-2022-ci illərdə "North West Construction" şirkətinin idarə heyətinin üzvü və şirkətin Monteneqro üzrə ölkə direktoru kimi fəaliyyət göstərib.

E.Pənahov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi kimya üzrə bakalavr təhsili alıb. Avropanın təchizat üzrə ixtisaslaşmış universitetlərinin bir çox təlimlərindən keçərək sertifikatlar əldə edib.

Son xəbərlər