“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı - FOTO

“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı - FOTO
Foto
Siyasət 164

“Associated Press” agentliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Gəncə şəhərinə etdiyi raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, reportajda raket hücumu nəticəsində yaranmış dağıntıların görüntüləri, yaxınlarını itirmiş insanların fikirləri yer alıb.

Bildirilir ki, Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində binalar dağılmış, insanlar, avtomobillər dağıntılar altında qalıb. Həlak olmuş mülki şəxslərin, o cümlədən uşaqların xatirəsini yad etmək üçün buranı ziyarət edənlər əllərində güllər, oyuncaqlar gətirirlər.

Sakin Şairə Quliyeva qardaşı oğlu 13 yaşlı Artur Mayakovun öldüyünü deyərək ağlayır: “O, çox istedadlı, bacarıqlı, həyat eşqi ilə dolu bir uşaq idi. Bu uşaqların günahı nə idi? Bu qədər insan öldü. Təkcə bizim küçəmizdən 14 nəfər həlak oldu. Bu insanların günahı nə idi? Niyə dünya ictimaiyyəti buna göz yumur?”.

Digər sakin Təzəgül Şahnəzərova hücum nəticəsində oğlunu, gəlinini və nəvəsini itirdiyini deyir: “Mən artıq itirdiyimi itirmişəm. Qırx beş illik əməyimizlə tikdiyimiz, yığdığımız hər şeyi itirdik. Lakin bu, mənim gözümə görünmür. Məni övladlarımın həlak olması yandırır. Mən onları istəyirəm, lakin onlar yoxdur. Bir mən, bir də körpə nəvəm sağ qalmışıq”.

Reportajda bildirilir ki, oktyabrın 17-də gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Artur Mayakov həmin hücum nəticəsində ağır yaralanıb, lakin sonradan müalicə aldığı xəstəxanada ölüb. O, 2007-ci ildə Rusiyada anadan olmuşdu.

Azərbaycan rəsmiləri Gəncəyə “SCUD” raketi ilə endirilən zərbə nəticəsində yaşayış binalarının dağıldığı və ya ciddi ziyan gördüyünü bildirirlər. Dağıntıların altından meyitlərin və yaralıların çıxarılması saatlar çəkib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Gəncəyə edilən raket hücumunu müharibə cinayəti adlandırıb və buna görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşığını bildirib.

Reportajda Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Bildirilir ki, sentyabrın sonlarında alovlanan münaqişə iki həftə əvvəl başa çatıb. Bu hadisə Bakıda böyük qələbə kimi qeyd olunub.

Son xəbərlər