Aqressiv büdcə siyasəti və ucuzlaşan neft: Hökumət hansı addımları atacaq?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti son dəfə 0.34 dollar və ya 0.55 faiz azalaraq 61.83 dollara düşüb. Ötən həftə neftin qiyməti 62.17 dollar idi. Hazırkı enişin əsas səbəbi bazara çıxarılan izafi neft həcmləri və istehlak tələbinin zəif artımıdır.
Neftin dünya bazar qiyməti hazırda 60 dollar civarındadır. Dünyanın nüfuzlu analitik mərkəzlərinin proqnozlarına görə, mövcud konyunkturda qiymətlərin aşağı düşməsi tendensiyası davam edəcək.
ABŞ Enerji İnformasiya İdarəsi 2025-ci ilin IV rübündə neftin bir barelinin qiymətinin 62 dollar, 2026-cı ildə isə 52 dollar olacağını proqnozlaşdırır.
Beynəlxalq Enerji Agentliyi hesab edir ki, gələn il bazara 4 milyon barel neft artıq təklif ediləcək ki, bu səbəbdən qiymətlər aşağı düşəcək.
"Bank of America" ABŞ və Çin arasındakı ticarət gərginliyini və OPEC+ ölkələrinin istehsalı artıracağını nəzərə alıb, neftin 50 dollardan belə ucuz satılacağı barədə xəbərdarlıq edib.
Azərbaycanın Maliyyə Nazirliyi isə gələn il üçün büdcədə neftin qiymətini 65 dollar səviyyəsində proqnozlaşdırır.
İqtisadçı ekspertlər hesab edirlər ki, qısa müddətdə bəzi müsbət xəbərlər qiymətləri artıra bilər, lakin ümumilikdə təklifin artması və tələbin zəifliyi səbəbindən neftin qiymətinin aşağı düşməsi ehtimalı yüksəkdir. Bu səbəbdən uzunmüddətli perspektivdə qiymətlərin azalması gözlənilir. Ölkənin builki büdcəsi neftin 70 dollarlıq, gələnilki büdcəsi isə 65 dollarlıq qiymət əsasında hazırlanıb. Hökumətin optimist proqnozuna görə, 65 dollarlıq qiymətlə Dövlət Neft Fondundan büdcəyə transfert 12.8 milyard manat olacaq. Gələn il dövlət büdcəsinin gəlirləri 38.6 milyard manat proqnozlaşdırılır. Gəlirlərin 57.4 faiz qeyri-neft sektorundan formalaşacaq.
İqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında narahatlıq üçün ciddi əsas olmadığını bildirib:
"Analitiklər neftin qiymətini 55-60 dollar arası proqnozlaşdırırlar. Onların sözlərinə görə, hökumət proqnozları bilə-bilə gələn ilin büdcəsində 65 dollar götürürsə, demək variantlar var. Proqnoza yenidən baxmaq hələ gec deyil. Qiyməti 5 dollar aşağı sala bilərlər. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin qiymətinin 10 dollar yüksək olması icmal büdcəyə 2.2 milyard manat, 10 dollar aşağı olması isə 2.1 milyard manat təsir edir. Büdcə təsdiqlənmədiyindən hökumətin proqnozlara yenidən baxmaq imkanı var".
İqtisadçı hesab edir ki, indiki konyunkturda neftlə bağlı 65 dollarlıq büdcə proqnozu kifayət qədər aqressivdir:
"Keçən il 70 dollar götürüləndə deyirdik ki, ehtiyatsız büdcədir və s. Amma bu ilin 3 rübünün nəticələri göstərdi ki, hökumət qiymətləri düzgün proqnozlaşdırıb. Qiymət ortalama 70 dollar civarında oldu. Oktyabrda göstəricilər bir qədər pisləşib, növbəti aylarda qiymətlər daha da azala bilər. Hökumət bir çox investisiya xərclərini ilin sonuna saxlayır ki, büdcə reallaşmasa, onlardan imtina etsin. Yəni qeyri-müdafiə olunan xərcləri təxirə salmaq təcrübəsi var. Bu il hələ bir çox büdcə xərcləri yerinə yetirilməyib. Faktiki büdcədə profisit var, lakin qeyri-müdafiə olunan xərclərin təxirə salınması iqtisadi fəallığa müəyyən mənfi təsir göstərir..."
Ekspertlər hesab edirlər ki, neftin qiyməti Azərbaycan bu həm qısamüddətli, həm də uzunmüddətli perspektivlərdə ciddi əhəmiyyət kəsb edir. Qısa müddətdə büdcə gəlirləri artacaq, lakin uzunmüddətli perspektivdə neftdən asılılığın azaldılması və qeyri-neft sektoruna investisiyaların artırılması vacibdir.
Oxşar xəbərlər
Türk dünyası yenidən birləşir: Kanıbek İmanaliyev tarixi prosesdən danışdı
"Bu gün Türk dünyası yenidən birləşir və öz tarixi köklərinə qayıdır. Türk dünyası Orxon-Yenisey sivilizasiyasının başlanğıcında dayanır". Bunu Birinci Türkoloj...
