Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunacaq

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunacaq
Siyasət 34

Prezident İlham Əliyev akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur.

Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri var. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksəkoktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırıb. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Genişspektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb.

Dövlət başçısının imzaladığı sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Son xəbərlər