SİZİN REKLAM BURADA!
055 213 76 73


4 dekabrda Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasındakı görüş gözlənildiyi kimi nəticəsiz qaldı.

Buna səbəb isə görüşdən öncə Ermənistan rəhbərliyinin görüşdən bir neçə gün öncə sərsəm bəyanatları, Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və separatçılarla görüşü, həmçinin, qondarma “Dağlıq Qarabağ Respublikası rəhbərinin mətbuat katibi” David Balayanın icmalararası görüşün mümkünsüzlüyünü dilə gətirməsi idi.

Paşinyanın təmas xəttində “erməni xalqının hərbi qələbəsi” kimi həyasız ifadə işlətməsi və separatçı rejimin başçısı Bako Saakyanla İrəvanda görüşməsi onun münaqişənin həllində maraqlı olmadığını, danışıqlar prosesinə separatçı rejimi qoşmaq cəhdləri etdiyini göstərir. Lakin, Azərbaycan rəhbərliyi dəfələrlə vurğulayıb ki, danışıqlar prosesində Azərbaycan separatçı rejimi tərəf kimi görmür. Yalnız Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoq mümkündür.

 

Azərbaycanın sabiq xarici işlər naziri, uzun illər danışıqlar prosesinin içində olmuş Tofiq Zülfüqarov minval.az-a bildirib ki, XİN rəhbərlərinin görüşündə öncə Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri Azərbaycan üçün o qədər də müsbət dəyərləndirilməməlidir. Çünki hadisələrin ardıcıllığında müəyyən məntiq mövcud idi:

“Bildiyiniz kimi, Azərbaycan prezidenti “Valday” forumundakı çıxışı zamanı Lavrovun “Dağlıq Qarabağ xalqı və ya əhalisi nizamlamanı qəbul etməlidir” və s. kimi tezisinə qarşı çıxmışdı. Bununla faktiki danışıqlar formatını dəyişməyə cəhdlər edilirdi. Ancaq söhbət təkcə nizamlamadan yox, konkret halda həll formatını dəyişdirmək cəhdindən gedir. Çünki uzun illərdir danışıqlarda iki münaqişə tərəfi iştirak edir. Ancaq Dağlıq Qarabağ haqqında müxtəlif variasiyalarda danışanda - Azərbaycan icması ilə birgə və ya onsuz, - o zaman bu, artıq ölkə daxili konflikt statusu yaradır və o bu səbəbdən həll artıq başqa müstəvidə olmalıdır”.

T.Zülfüqarov qeyd edib ki, əgər dövlətlərarası münaqişə dövlətin ərazi bütövlüyü müstəvisindədirsə, ölkədaxili konflikt ayrı müstəvidədir - yəni burada artıq muxtariyyət verilməsi ilə bağlı müxtəlif variantlar ola bilər.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında deyib ki, münaqişə Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq norma və prinsipləri əsasında həll edilməlidir:

“Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk Qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının Bratislavadakı çıxışı bir daha göstərdi ki, danışıqlar nəticə vermir:

“25, 15 və ya 10 il əvvəl danışıqlar hansı vəziyyətdə idisə, indi də eyni yerdə sayırıq. Maraqlıdır ki, Məmmədyarov bu çıxışında çox xoşladığı "substansiv" ifadəsini işlətmədi, çünki ondan da əsər-əlamət yoxdur...”

İndiki vəziyyət göstərir ki, rəsmi Bakı üçün müharibə tək həll variantı kimi görünür. Təsadüfi deyil ki, həm Lavrovun səfər günlərində, həm də nazirlərin Bratislava danışıqları vaxtı Azərbaycan ordusu hərbi təlimləri davam etdirirdi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə dünən bir daha cəbhə xəttinə gələrək, Ali Baş Komandanın tapşırığı ilə növbəti mesajlarını və göstərişlərini verib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib. Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala qon qoyulmalıdır.

Sənəddə həmçinin bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştir

Fərid ƏDALƏT
BAKU.WS