"Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə əlaqədar münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana təkliflər təqdim olunub. Bu təkliflər ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri tərəfindən də dəstəklənir. Təsadüfi deyil ki, bu təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi apardı".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. Onun sözlərinə görə, bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb:
 
"Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə Ermənistan hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır.

Göründüyü kimi, danışıqlar prosesində konkret təkliflər olduğu halda, Ermənistan tərəfindən verilən bəyanatlarda bunların heç birinə toxunulmur və məqsədyönlü şəkildə hədəfdən yayınmaq üçün insidentlərin araşdırılması mexanizmi və digər ikinci dərəcəli məsələlər gündəmə gətirilir və yalnız daxili auditoriya üçün hesablanmış spekulyativ bəyanatlar verilir. Hətta ABŞ-da və digər ölkələrdə olan erməni lobbi dairələri səfərbər edilərək, danışıqlar mövzusu olan və münaqişənin hərtərəfli həllinə xidmət edəcək köklü məsələlərdən diqqəti yayındırmaq və hədəfi yalnız insidentlərin araşdırılması mexanizminə yönəltmək kimi siyasət yürüdülür".

XİN rəhbəri bildirib ki, prezidentlərin Bern görüşündə də münaqişənin humanitar aspektləri müzakirə olunub. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha qaldırıldı: "Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2010-ci il 27 oktyabr tarixli Həştərxan, 2011-ci il 5 mart və 2012-ci il 23 yanvar tarixli Soçi bəyanatlarında əsir və girov götürülmüş şəxslərin, meyitlərin qaytarılması və münaqişənin humanitar aspektləri üzrə əməkdaşlıq nəzərdə tutulurdu. Prezidentlərin Paris görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə məlumat mübadiləsi mexanizminin yaradılması təklif edildi. Dörd mindən artıq vətəndaşı itkin düşmüş hesab edilən Azərbaycan Fransa Prezidenti Fransua Ollandın humanitar xarakter daşıyan bu təşəbbüsünü dəstəkləyir.

Bu xüsusda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və İsveçrə hökumətinin həyata keçirdikləri humanitar missiyasını alqışlayırıq. BQXK-nin hazırladığı son siyahı əsasında 4496 nəfər itkin düşmüş şəxs kimi müəyyən edilib. Ümid edirik ki, bu layihənin uğurla həyata keçirilməsi nəticəsində 20 ildən artıq bir dövrdə itkin düşmüş hesab olunan şəxslərin ailələrinə onların taleyi barədə müəyyən məlumatın verilməsi mümkün olacaq.
 
Rəsmi Yerevan beynəlxalq humanitar öhdəliklərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, itkin düşmüş şəxslərlə əlaqədar məlumat mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin etməlidir".
 
BAKU.WS