5 rayonun qaytarılmasına Rusiyadan AÇIQLAMA

5 rayonun qaytarılmasına Rusiyadan AÇIQLAMA
Siyasət 3664
 

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov APA-ya müsahibə verib.

BAKU.WS müsahibəni təqdim edir:

 - Həmsədrlərin regiona növbəti səfərinin tarixi və proqramı məlumdurmu?

- Bölgəyə oktyabr ayının üçüncü ongünlüyündə səfər etməyi planlaşdırırıq. Azərbaycan, Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyik. Rəhbər şəxslər, hərbçilərlə görüşlər nəzərdə tutulur. Münaqişə zonasında durumun sabitləşməsinə yönəlik Vyana və Sankt-Peterburq anlaşmalarının reallaşmasının gedişatını nəzərdən keçirməyi planlaşdırırıq. Mövcud işçi təkliflər nəzərə alınmaqla, danışıqlar prosesinin perspektivlərini müzakirə edəcəyik. Münaqişə zonasında hərbi vəziyyəti dəqiqləşdirəcəyik. Qiymətləndirməyimizə görə, bu vəziyyət aprel hadisələrindən bu vaxtadək nisbi sakit olub.

- Sentyabrın 8-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskvada keçirilən görüşünü necə qiymətləndirirsiniz? Rusiya xarici işlər naziri Sergey Lavrov da sizi qəbul etdi. Təəssüratlarınız necədir, görüşdə hansı təkliflər müzakirə olunub?

 

- Moskvada həmsədrlərin plan üzrə məsləhətləşmələri olub. Həmçinin Rusiya XİN başçısı ilə görüş keçirilib. Bu görüşdə Vyana və Sankt-Peterburq sammitlərinin nəticələri daxil olmaqla, Dağlıq Qarabağ nizamlanması ilə bağlı məsələlər detallı şəkildə müzakirə olunub. Sergey Lavrov həmkarlarını Rusiyanın şəxsi vasitəçilik səyləri ilə bağlı məlumatlandırıb, İrəvan və Bakıda Qarabağ problemi mövzusunda aparılan danışıqların qiymətləndirilməsini bölüşüb. Amerikalı və fransalı həmsədrlər öz ölkələrinin "üçlüyün" kollektiv mövqeyini əks etdirən nizamlanma məsələlərinə yanaşmalarını təsdiqləyiblər.

 

- Hazırda danışıqlar prosesində Dağlıq Qarabağa bitişik 7 işğal olunmuş rayondan beşinin qaytarılması məsələsinin yer aldığı barədə məlumat yayılıb. Bununla bağlı mövqeyinizi öyrənmək istərdik.

- Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə bağlı fikrimizi dəfələrlə bildirmişik. Bu problemi Dağlıq Qarabağın statusu, bütün qaçqınların qaytarılması, Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhlizin saxlanılması, sülhməramlı əməliyyatın keçirilməsi kimi məsələlər daxil olmaqla, nizamlanmanın digər elementləri ilə yanaşı nəzərdən keçirmək lazımdır. Nizamlama prosesi - vahid paketdir, bu və digər tərəfin üstünlük verdiyi ayrı-ayrı elementlərin prioritet kimi götürülməsi qeyri-produktivdir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər