Həmsədrlər bu ay xarici işlər nazirləri ilə görüşəcəklər
Həmsədrlər bu ayın sonunda BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.
Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
"Həmsədrlər tərəflərlə təmasları davam etdirir və bu ayın sonunda BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır”, - deyə diplomat qeyd edib.
C. Uorlik həmsədrlərin gələn həftə Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrov və digər rəsmilərlə görüşməyə ümid etdiklərini də diqqətə çatdırıb: "Moskvada Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılıqların həyata keçirilməsini müzakirə etməyi nəzərdə tuturuq. Həmçinin, danışıqlar masasındakı hərtərəfli həllə gətirib çıxaracaq təkliflər də daxil olmaqla, növbəti addımlar barədə müzakirələr aparmağı planlaşdırırıq”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentlərin növbəti görüş yeri
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü Fransada baş tuta bilər. ANS PRESS-in məlumatına görə, bunu Fransa stratej...