Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif

Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
Sosial 77

"Bakı şəhərinin Baş Planında 2040-cı ilə qədər mənzil və tikinti fondunun əsaslı yenilənməsi nəzərdə tutulur. Lakin ödənilən kompensasiya məbləğləri və əvəzləşdirmə qaydalarındakı boşluqlar süni maneələr yaradır. Ona görə də bir neçə təkliflə çıxış etməyi vacib sayırıq".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin İnsan hüququları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif

O bildirib ki, söküntüyə məruz qalan mülkiyyətçiyə kompensasiyanın hesablanmasında vahid qaydaların yaradılması, ictimaiyyət üçün açıq meyarların hazırlanması vacibdir:

"Nazirlər Kabineti qiymətləndirmə şkalasını, bazar qiymətlərindən istifadə qaydasını, ərazilər üzrə diferensial tarifləri, inflyasiya və tikinti xərcləri dəyişdikdə yenilənmə mexanizmini müəyyən edə bilər.

İkinci məsələ, sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü ilə bağlıdır. "Sahənizdən iyirmi faiz çox", "otaq sayı eyni", "ümumi sahə qədər" kimi müddəalar ayrı-ayrı çoxsaylı konfliktlərə yol açır, subyektiv yanaşmalar razılaşma müqavilələrini ləngidir. Şəhərsalma və Tikinti Məcəlləsi mənzil və mülki qanunvericiliklə uzlaşdırılmaqla sahənin hesablanması, yaşayış və qeyri-yaşayış hissələrinin fərqi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti, gecikmə məsuliyyəti barədə minimum təminatlar təsbit edilməlidir. Ədalətli qayda həm əsassız tələbə, həm də şirkətlərinin özbaşına şərtləri diktə etməsinə mane olar.

Üçüncü məsələ, faktiki sahənin necə ölçülməsidir. Balkon, zirzəmi, yardımçı otaq, hasar, sonradan artırılmış hissə, yüngül konstruksiya, kommersiya obyekti - bunların hər birinin hüquqi və texniki statusu fərqlidir. Dövlət tərəfindən akkreditə olunmuş müstəqil ölçmə və qiymətləndirməsi, foto və elektron aktın müəyyənləşdirilməsi vacibdir. Söküntü elanından sonra kompensasiyanı artırmaq üçün qanunsuz tikilmiş sahə ilə onillərlə mövcud olan, dövlətin tanıdığı faktiki yaşayış şəraiti eyni qiymətləndirilə bilməz".

"Dördüncü məsələ, daşınmaz əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmamış əmlakın vəziyyətidir. Sənədsiz tikililər bir neçə qrupa ayrıla bilər: qeydiyyatı texniki səbəbdən tamamlanmamış, hüquqi əsası olan istifadə; dövlətin uzun müddət sərt tədbir görmədiyi faktiki məskunlaşma; yeni yaranmış qanunsuz zəbt. Mülkiyyət hüququ, qanuni gözlənti və sosial köçürülmə yardımı bir-birindən ayrılmalıdır.

Beşinci məsələ tikinti yarımçıq qalarsa, razılaşmanın gələcək taleyidir. Böyük layihələrdə iştirak edəcək dövlət qurumları Prezidentin müvafiq aktı və ya qanunla müəyyən edilərsə, onların nəzarət və məlumatlandırma öhdəliyi aydın yazıla bilər. Tikintinin tamamlanması üçün bank zəmanəti, sığorta və ya digər maliyyə mexanizmləri məcburi tətbiq edilməsi vacibdir.

Altıncı məsələ söküntü və köçürülmənin müddətidir. Tikinti icazəsi alınıbsa, müqavilə təklifləri və qiymətləndirmə yekunlaşıbsa, razılaşma üçün ağlabatan və əvvəlcədən bilinən vaxt, ardınca məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı mərhələsi nəzərdə tutula bilər. Etiraz edən sakinin haqlı çıxması ehtimalını qoruduğumuz qədər, razılaşıb illərlə gözləyən qonşunun haqqını da qorumalıyıq.

Yeddinci məsələ, evin və ya obyektin dəyəri ilə onun yerləşdiyi torpağın dəyərinin hesablanmasıdır. Bəzən eyni iqtisadi dəyərin həm tikili, həm də tikilinin altındakı sahə adı ilə iki dəfə ödənilməsi tələb olunur. Bunun qarşısını alan şəffaf qiymətləndirmə qaydası olmalıdır", - deputat vurğulayıb.

Komitə sədri əlavə edib ki, hökumət aidiyyəti dövlət qurumlarını, Bakı Şəhər İcra Hakimiyyətini, Ombudsman təsisatını, məhkəmə və qiymətləndirmə mütəxəssislərini, tikinti assosiasiyalarını, Mediasiya Şurasını və sakinlərin nümayəndələrini cəlb etməklə yeni hüquqi tənzimləmə qaydalarını hazırlaya bilər:

"Qanun layihəsinin nəqliyyat infrastrukturuna müsbət təsir edəcəyinə inanırıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər