VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

"Rəsulzadə yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı. O, bizim nə qədər sərvətimizi talayıb. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub".

 

BAKU.WS məlumat verir ki, bunu Gəncədən yeni deputat seçilmiş Naqif Həmzəyev jurnalistlərə açıqlamasında deyib. Naqif Həmzəyevin Rəsulzadə haqda söylədiyi fikirlər mətbuatda, sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

 

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlma verən millət vəkili Fazil Mustafa Azərbaycanın dövlət qurucusu haqda belə danışmağın yolverilməz olduğunu bildirib. Deputat Rəsulzadəyə qarşı edilmiş bu hərəkəti qəti şəkildə pisləyir və qınayır:

 

"Azərbaycanın Demokratik Cümhuriyyətinin qurucusu haqda bu şəkildə danışmağa heç kimin mənəvi haqqı yoxdur. Xüsusilə də dövlətin Ali Qanunverici orqanında təmsil olunan insanların Rəsulzadə haqda belə sayqısızca danışmağı yolverilməzdir. Sadəcə ümid edək ki, bundan sonra kimsə bu cür yalnışlara yol verməyəcək. Məhəmməd Əmin Rəsulzadə haqqında hədyan, böhtan, belə səviyyəsiz formada fikirlər səsləndirəməyəcək”. 

 

Rəsulzadə İrsini Araşdırma Fondunun rəhbəri, tarixçi alim Nəsiman Yaqublu BAKU.WS-ə açıqlamasında Naqif Həmzəyevin belə fikirlər səsləndirməsinin təəcüblü olmadığını deyib: "Bu məsələ ciddi bir məsələdir, təkcə Naqiflik bir məsələ deyil. Çünki, bundan əvvəl bir neçə millət vəkili Rəsulzadənin əleyhinə danışmışdı. Naqif Həmzəyevlə bağlı onu deyə bilərəm ki, o, sadəcə Azərbaycanın tarixindən xəbərsizdir. Demokratik Azərbaycan dövlətinin quruculuğunda iştirak etmiş tarixi şəxsiyyətlərimizin fəaliyyətindən xəbərsizdir. Ona görə də bu adamın bu fikri səsləndirməsi təəcüblü deyil. Hər kəs kimi o da öz səviyyəsinə uyğun fikirlər səsləndirib. Bu adam hələ də bilmir ki, bu gün gedib əyləşdiyi parlamenti kim yaradıb, bu adam hələ də bilmir ki, bu gün yaşadığı Azərbaycan dövlətinin qurucusu kimdir. Bunun kimi tarixini, mədəniyyətini bilməyən, dövlət qurucularına, tarixi şəxsiyyətlərə sayqı ilə yanaşa bilməyən insanların yeri Azərbaycan parlamenti deyil. Sonda bunu demək istəyirəm ki, vəzifəsindən, statusundan asılı olmayaraq hər bir şəxsin, hər bir vətəndaşın borcu Azərbaycanın tarixinə,bu tarixi yaradan şəxsiyyətlərə sayqı ilə yanaşmaqdır. Hər kəs dediyi sözün, işlətdiyi ifadənin məsuliyyətini dərk etməlidir. Ən əsası tarixi bilməli, onu sevməlidir. Tarixini bilməyən, sevməyən şəxsin Azərbaycan vətəndaşı statusunu daşımağa haqqı yoxdur”.

 

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə haqda təhqir və böhtan dolu fikirlər səsləndirdiyi üçün Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə modern.az-a açıqlamasında Naqif Həmzəyevi məhkəməyə verəcəyini deyib: "Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir. Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq”. 


Deputatın "Rəsuzladə respublikanı Tiflisdə qurub qoy büstü də Tiflisdə olsun” fikirlərinə Rəis Rəsulzadə belə cavab verib: "O kimdir?! Prezidentdən çox bilir tariximizi?! Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək”.
 
Ayşən Ayxan
BAKU.WS