SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar intensivləşib. Sülh sazişi, regional əməkdaşlıq mühitinin təmin olunması indi heç vaxt olmadığı qədər yaxındır. Həm rəsmi Bakının, həm də İrəvanın mövqeyinə görə, bu, tarix fürsətdir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusu nəticəsində məlum olub ki, Azərbaycan cəmiyyəti Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəklənir. Belə ki, respondentlərin mütləq əksəriyyəti Ermənistanla sülhün tərəfdarı olduqlarını bildiriblər. Yaşı 18 və yuxarı olan 1152 respondent arasında keçirilən sorğu zamanı 83,8% respondent “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. Respondentlərin 2,7%-i isə bu suala rəyini bildirməkdə çətinlik çəkib.

2020-ci ilə qədər münasibətlərin normallaşmasına mane olan əsas amil Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğal altında saxlaması idi. Rəsmi Bakı 44 günlük müharibə nəticəsində özü öz işini gördü. Nəticədə həm Azərbaycanın ərazi bütövlüyü, həm də beynəlxalq hüququn tələbləri təmin olundu. Bundan sonra proseslərin davamı gəldi. 2023-cü ildə keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağdakı qanunsuz rejimin fəaliyyətinə son qoyuldu. Bundan sonra birbaşa təmaslara başlanıldı. Qazaxın işğal altındakı dörd kəndinin dinc yolla Azərbaycana qaytarılması, həmçinin bu istiqamətdə sərhədin delimitasiya və demarkasiyası prosesinin başlanması məhz birbaşa təmasların nəticəsində mümkün oldu.

Bu, o deməkdir ki, birbaşa təmaslar vasitəçilik səylərindən daha effektivdir. 30 il ərzində bir çox vasitəçi və institutun, o cümlədən ATƏT-in keçmiş Minsk Qrupunun bacarmadıqlarına Azərbaycan və Ermənistan birbaşa təmaslar nəticəsində nail oldu.

Əldə olunan nəticələr, əlbəttə, müəyyən mənada qarşılıqlı etimad mühitinin yaranmasına təsir edir və ictimai şüuru formalaşdırır. STM-in sorğusunun nəticəsi də bunu göstərir. Nəticələr onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti ilə yanaşı, xalq da Ermənistanla sülh prosesini dəstəkləyir. Çünki ehtimal olunan sülh regional sabitlik, əməkdaşlıq deməkdir. Bu, təkcə siyasi və hərbi baxımdan deyil, həm də iqtisadi, sosial-psixoloji baxımdan əlverişlidir.

Hazırda sülh sazişinin imzalanmasına mane olan əsas amil məhz Ermənistanın mövqeyidir. Problemlərin xeyli hissəsi artıq həll olunub. Rəsmi İrəvan məntiqli şəkildə başa düşür ki, region üçün sülhün alternativi yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmilər də bunu dəfələrlə bildiriblər.

Məsələ ondan ibarətdir ki, Ermənistan bu gün xeyli dərəcədə kənar güclərin təsiri altındadır. Rəsmi İrəvan Rusiya və Qərb arasında faktiki olaraq siyasi poliqona çevrilib. Belə bir şəraitdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən ideal yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasıdır. Çünki Bakı və Ankara ilə diplomatik münasibətlərin qurulması rəsmi İrəvanı həm də iqtisadi cəhətdən dirçəldəcək. İqtisadi müstəqillik isə perspektivdə Ermənistanın siyasi cəhətdən müstəqilləşməsinə, kənar güclərin təsirindən qurtulmağa kömək edə bilər.

Qeyd etdiyimiz kimi, Ermənistan bütün bu reallıqları anlasa da, sülh sazişi üçün Azərbaycanın əsas tələbi - Ermənistan konstitusiyasının dəyişdirilməsi və qanunvericilikdə ərazi iddialarının aradan qaldırılmasından hələ ki imtina edir.

Bununla belə Nikol Paşinyan iyulun 5-də Ermənistanın Konstitusiya Günü ilə bağlı çıxışında deyib ki, ölkəsinə yeni konstitusiya lazımdır. Bu, öz-özlüyündə müsbət mesajdır. Lakin təkcə sözlə iş bitmir. İrəvan həm də lazımi siyasi iradə göstərərək dediklərini əməldə etməli, konstitusiya dəyişikliyinə getməlidir. Bu, nə qədər tez olarsa, sülh sazişi də bir o qədər tez imzalana bilər. Əks halda proses ləngiyə bilər. Bu isə Ermənistanın öz əleyhinə işləyir.//Report.az

BAKU.WS