SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan dünyanın bütün qitələri, həmçinin Afrika ölkələri ilə əlaqələrin davamlı olaraq milli maraqlar çərçivəsində inkişaf etdiyini bildirib.

O, “Report”a açıqlamasında deyib ki, hazırda Azərbaycanın dünya ölkələri ilə əlaqələri davamlı genişlənir.

“Yaxınlığından, yaxud uzaq ölkə olmasından asılı olmayaraq təmaslar hər gün genişlənməkdə, inkişaf etməkdədir. Bütün bunlar əsasən Azərbaycanı etibarlı tərəfdaş ölkə olmasından xəbər verir. Konqo Prezidentinin Azərbaycana səfərini də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsi kimi xarakterizə oluna bilər”, - deputat vurğulayıb.

A.Hüseynov bildirib ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından rəsmi Bakının Afrika ölkələri ilə yaxşı əlaqələrindən xəbər verir: “Hələ SSRİ dövründə Afrika ölkələrindən tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırdılar. Onlar bu gün də ölkəmizlə əlaqələrini kəsmirlər. Dövlətimiz 30 illik müstəqillik dövründə bu əlaqələri daha da inkişaf etdirərək özünü Afrika qitəsi ölkələrinin yaxın dostu kimi tanıda bilib. Afrikayla əlaqələrimiz pandemiya dövründə qırılmadı, əksinə heç bir dövlətin edə bilməyəcəyini Azərbaycan etdi”.

Milli Məclisin üzvü söyləyib ki, Bakı koronavirus pandemiyası zamanı vaksin ala bilməyən ölkələrə yardım göstərib: “Azərbaycan Afrika ölkələrinə öz vəsaiti hesabına dəstək verdi. Bu gün Azərbaycan neokolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir. Dünyada kolonializmi hazırda da dövlət siyasəti kimi təqdim edən Fransanın hələ də mövcud olduğu ölkələrdən biri də Konqodur. Bu ölkələr neokolonializmlə mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanın müxtəlif platformalardan neokolonializmə qarşı apardığı mübarizə Afrika ölkələrində rəğbətlə qarşılanır: “Ümumiyyətlə, Konqo Respublikası Prezidentinin Azərbaycana səfəri heç də təsadüfi deyil”.

BAKU.WS