SİZİN REKLAM BURADA!
055 213 76 73


2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı.

Beləliklə də, həmin ilin oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Suqovuşan su anbarını, Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini Ermənistanın işğalından azad edib.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanu işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu.

Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövründə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub.

Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub. Lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-sı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu (ümumilikdə 8 tank) tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində kənd erməni işğalçılarından azad edilib.

Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən işğal ediblər.

2 aprel 2016-cı il tarixində Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı düşməndən tam geri alınıb.

2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyat zamanı onların qarşısını alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.

Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib

1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub.

28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Bundan başqa suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb.

Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Suqovuşan tezliklə turizm məkanına çevriləcək

İşğaldan azad edilən Suqovuşan qəsəbəsi və Talış kəndi turizm potensialı ilə seçilən ərazilərdəndir. Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı ərazidə turizmin inkişafı üçün çox əlverişlidir.

Artıq Suqovuşanda turizmin inkişafı üçün hazırlanan konsepsiyaya uyğun olaraq ilkin işlərə başlanılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 20-də Suqovuşana səfəri zamanı Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac əkiblər.

Ərazinin təbii-coğrafi şərait, eləcə də infrastrukturun, Tərtərdən və Naftalandan qəsəbəyə gedən avtomobil yollarının yenidən qurulması Suqovuşanın turizm imkanlarını daha da artırır. Əminliklə demək olar ki, Suqovuşan qəsəbəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

BAKU.WS