Silahlı hücuma məruz qalan Fazil Mustafanın DOSYESİ - FOTO/VİDEO

Dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub.
BAKU.WS xəbər verir ki, deputat çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.
Hazırda Fazil Mustafanın səhhətinin normal olduğu və həyati təhlükəsinin olmadığı bildirilib.
Qeyd edək ki, Fazil Mustafa 15 oktyabr 1965-ci ildə Naxçıvanda anadan olub. O, 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.
1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.
2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın başqanı seçilib. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
2005, 2010, 2015 və 2020-ci illərdə 4, 5 və 6-cı çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
2008-ci ilin prezident seçkilərində iştirak etmiş, 89985 seçicinin səsini alaraq 2,43 % səslə üçüncü olmuşdur.
2009-cu ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib.
2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib.
Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Fazil Mustafa evlidir, iki övladı var.

Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
