“General de Europe” jurnalında Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızla bağlı məqalə dərc olunub.

BAKU.WS xəbər verir ki, “Dağlıq Qarabağ: Azərbaycanlı qaçqınlar yalnız bir şeyi, 27 il əvvəl qovulduqları torpaqlara mümkün qədər tez qayıtmağı gözləyirlər” sərlövhəli məqalənin müəllifi siyasət elmləri doktoru və Yaxın Şərq tədqiqatçısı Sebastyan Bussuadır.

Yazıda 50 yaşlı Rəsul və 40 yaşlı Aygünün timsalında ermənilər tərəfindən işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş bütün insanların faciəli həyat hekayəsindən bəhs edilir.

Məqalə müəllifi 44 günlük müharibə nəticəsində Azərbaycan tərəfindən azad edilən torpaqların ölkəmizin beynəlxalq hüquqla tanınmış əraziləri olduğunu bildirir. S.Bussua məcburi köçkünlərin ən böyük xəyallarının öz doğma yurdlarına qayıdaraq yeni həyata başlamaları ilə bağlı olduğunu yazır.

Məqalənin qəhrəmanları Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərdir. Müəllif qeyd edir ki, onlar siyasətə qarışmasalar da, siyasət onların həyatına qarışıb və yaşamlarını alt-üst edib. Lakin 30 illik həsrət artıq sona çatmaq üzrədir. Məcburi köçkünlər tezliklə bir vaxtlar qovulduqları torpaqlara geri qayıtmalarını gözləyirlər. Rəsul əmindir ki, Zəngilanda təmiz havada, təbiət və xatirələr qoynunda, əcdadlarının məkanında onun həyatı daha gözəl olacaq. Bakıda iki otaqlı mənzili olmasına baxmayaraq o, Zəngilanda da ikinci evini tikmək arzusundadır.

Qubadlıdan olan məcburi köçkün Aygün isə hələ birinci Qarabağ müharibəsində üç dəfə yaralanmış müharibə veteranının həyat yoldaşıdır. Onun böyük oğlu isə ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Buna baxmayaraq, Aygün ermənilərə qarşı kin saxlamır. Vaxtilə əliyalın qovulduqları torpaqlara geri qayıtmaq onun da ən böyük arzusudur.

Məqalə Rəsulun ermənilərlə yenidən yanaşı yaşamağın mümkünlüyü ilə bağlı fikirlərilə tamamlanır. O, hər şeyin əvvəlki kimi olacağına ümid etdiyini bildirir.

BAKU.WS