SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

BAKU.WS xəbər verir ki, ölkə başçısı xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib:

“- Əziz həmvətənlər,

Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadrat kilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.

BAKU.WS