VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan arasında kompromislərin əldə olunması üçün şəxsən və fəal şəkildə çalışacaq.

Virtualaz.org xəbər verir ki, bu məlumatı "İzvestiya” qəzeti Rusiya diplomatik çevrələrindəki qaynağa istinadən yazıb. Bildirilir ki, Putinin vasitəçiliyi ilə Qarabağ danışıqları yaxın günlərdə başlayacaq. Rusiya prezidenti hər iki tərəfdən siyasətçiləri kompromislərin zəruriliyinə şəxsən inandırmağa səy göstərəcək.

Konkret göstərilməsə də belə görünür ki, söhbət Azərbaycan və Ermənistan prezidentlərinin Putinin vasitəçiliyi ilə baş tutacaq görüşündən gedir. Belə görüşün tezliklə təşkil ediləcəyini virtualaz.org hələ aprelin 5-də-hərbi əməliyyatların dayandırıldığı gün yazmışdı. Bir gün əvvəl isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qarabağa dair tezliklə "intensiv danışıqların başlayacağını” bildirib.

"İzvestiya” yazır ki, təmas xəttində gərginliyin azaldılmasından söhbət gedəndə tərəflərin heç biri güzəştə getmək istəmir. "Söhbət döyüş əməliyyatlarının dayandırılmasından gedən kimi hər iki tərəf danışıqlar masasının arxasına keçməyə hazır olur. Ancaq dərhal qarşılıqlı iradlar yada düşür və ərazi məsələsi həll edilməmiş qalır. Qarşıdan ağır danışıqlar gəlir v brada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq”-mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyanın nizamlama planı bundan ibarətdir ki, Azərbaycana ərazilərin bir hissəsi qaytarılır, münaqişə zonasına sülhməramlılar yerləşdirilir, qaçqınlar öz yerlərinə qayıdır və Dağlıq Qarabağ legitimləşdirilir. Yəni sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpa olunması təmin edilir. Sonradan isə ehtiraslar səngiyəndə Dağlıq Qarabağın hüquqi statusuna dair referendum keçirilir. Lakin mənbə deyib ki, əgər referendumun nəticəsinin öz xeyrinə olmadığına əmin deyilsə tərəflərdən heç biri bu planla razılaşmaq istəmir.

Qəzet yazır ki, ekspertlər bunları nəzərə alaraq indiki mərhələdə danışıqlarda hansısa dönüşün olacağını gözləmirlər. Və belə görünür ki, Putinin vasitəçiliyi ilə baş tutacaq danışıqların məqsədi gərginliyi azaltmaq və gələcəkdə konstruktiv dialoqun aparılmasına zəmin yaratmaqdır.

Rusiyanın MDB İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Dmitri Madoyev deyir ki, münaqişənin hərbi həlli ola bilməz, ancaq danışıqlar da olduqca mürəkkəb keçəcək. "İndi hansısa dönüşün olacağı gözlənilən deyil. Ancaq ümid edək ki, intensiv diplomatiya öz nəticələrini verəcək. Tərəflər qeyri-müəyyənlikdən yorulublar, hərbi əməliyyatların başlaması təhlükəsi isə heç kimə lazım olmayan gərginlik yaradır”-ekspert deyib.
 
BAKU.WS