VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ədalət istəyir. İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Sputnik Italia” və “First Online” xəbər portallarına müsahibəsində deyib.

Səfir bildirib ki, Ermənistanın 30 ildən artıqdır ki, Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin 20 faiz ərazisini işğal edərək həmin ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib:

“Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq, həm Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca yerləşən hərbi mövqelərini, həm də təmas xəttinin yaxınlığında sıx məskunlaşmış yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutub. Bu müddət ərzində düşmən əldə olunan humanitar atəşkəs barədə razılığa əməl etmədiyini, təmas xəttindən uzaqda yerləşən ərazilərimizə, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirib.

Düşmənin məqsədi ölkəmizin ərazilərinin işğalını davam etdirməklə yanaşı, yeni ərazilər əldə etməkdir. Azərbaycan ədalət istəyir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmət edilməsini tələb edir, Azərbaycan ordusunun ölkəmizin suveren ərazisində işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanı sülhə məcbur etmək üçün vuruşur”.

“Türklərin F-16 qırıcı təyyarəsinin döyüşlərdə iştirak etməsi” ilə bağlı suala cavab olaraq M.Əhmədzadə Türkiyənin Azərbaycanın dostu və vacib tərəfdaşı olduğunu, lakin sadəcə mənəvi dəstək verdiyini və türk qırıcılarının hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib:

“10 milyonluq əhalisi, yaxşı təlim görmüş və komplektləşdirilmiş ordusu olan Azərbaycanın hərbi yardıma ehtiyacı yoxdur. Ölkəmiz müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif təchizatçılardan silahlar alıb və bunu hər zaman açıq bəyan edib. Amma əslində beynəlxalq ictimaiyyətin kasıb, maliyyə resursları olmayan və borc içində boğulan Ermənistandan bütün bu hərbi avadanlıqları almaq üçün haradan bu qədər çox pul əldə etməsini soruşmalı idik.

“Döyüşlərə Suriyadan gələn cihadçıların cəlb olunması” tamamilə saxta xəbərdir. Bütün bunlar Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğraması səbəbindən Ermənistan rəhbərliyi tərəfindən qəsdən və məqsədli şəkildə yayılır. Düşmənin məqsədi saxta məlumat yaymaqla münaqişəyə dini məzmun vermək və beləliklə də Qərb ölkələrindəki ictimai fikri öz tərəfinə çəkməkdir.

Əslində Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan gələn xarici döyüşçülərin və onların arasında Yaxın Şərqdə yaradılmış “ASALA – Ermənistanin azadlığı uğrunda gizli erməni ordusu” kimi beynəlxalq səviyyədə tanınmış terrorçu təşkilatların üzvləri var. Beynəlxalq ictimaiyyətin bunu qınaması vacibdir”.

“İtaliya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşür, eləcə də Azərbaycan İtaliyanın ən böyük neft təchizatçısı və italyan məhsullarının ən böyük idxalçısıdır. Azərbaycanda çoxsaylı italyan şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycandakı iri layihələrə cəlb olunur. Cənub Qaz Dəhlizi vasitəsi ilə İtaliyaya gələcək Azərbaycan qazı sayəsində İtaliya Avropada enerji qovşağı rolunu oynayacaq.

Bu da iki ölkə arasındakı tərəfdaşlıqdan xəbər verir. Ermənistan silahlı qüvvələri Azərbaycanın strateji infrastruktur obyektlərini hədəf alır. Azərbaycanın geo-strateji ərazilərinin mərkəzindəki neft-qaz kəmərlərinə ziyan vurulacağı təqdirdə bu İtaliyanın da iqtisadi maraqlarına zərbə vura bilər. Bu xüsusda İtaliya Ermənistanı sülhə məcbur etmək üçün daha fəal rol oynaması vacibdir.

Biz Beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü açıq şəkildə qınamağı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən təcili, tam və qeyd-şərtsiz çıxarılması üçün Ermənistana təzyiq göstərməyini tələb edirik”, - deyə M.Əhmədzadə qeyd edib.

BAKU.WS