SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), eləcə də, Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) Ermənistanın 17 oktyabr 2020-ci ildə Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

BAKU.WS xəbər verir ki, müraciət Dünya Gənclər Assambleyası, Avropa Gənclər Forumu, BMT-nin Gənclər üzrə Nümayəndəsi, həmin təşkilatın Uşaqlar və Gənclər üzrə Əsas Qrupu, BMT və UNICEF-in Bakı ofisləri və bir sıra digər beynəlxalq təşkilatlara ünvanlanıb.

Bəyanatlarda Ermənistanın 13 mülki şəxs, o cümlədən, iki uşağın həlak olmasına və 50-dən çox insanın yaralanmasına səbəb olan terror aktı şiddətlə pislənilir, Gəncəyə raket zərbələrinin Ermənistan dövlətinin terrorçu mahiyyətinin təzahürü olduğu bildirilir.

Qeyd edilir ki, cəzasızlıq Ermənistanı beynəlxalq hüquqa məhəl qoymamağa və Azərbaycanın dinc əhalisinə qarşı növbəti terror əməllərinə sövq edir. Bununla əlaqədar olaraq, beynəlxalq ictimaiyyətdən Ermənistanın ədalət mühakiməsinə cəlb edilməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa məcbur edilməsi tələb olunur.

BAKU.WS