Bu gün Xalq şairi Rəsul Rzanın anım günüdür

Bu gün Xalq şairi Rəsul Rzanın anım günüdür
Mədəniyyət 50

Bu gün Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rzanın anım günüdür.

BAKU.WS xəbər verir ki, bu gün şairin vəfatından 42 il ötür.

Rzayev Rəsul İbrahim oğlu 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub.

R.Rza Azərbaycan Yazıçıları İttifaqının sədri, Azərbaycan Kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olub.

Onun "Bu gün" adlı ilk şeiri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunub. Böyük Vətən müharibəsi illərində hərbi müxbir olmuş Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Həmçinin kommunizm, Lenin ideyalarını poeziya vasitəsi ilə təbliğ edib. Bu baxımdan şairin "Lenin" poeması bədii cəhətdən ən güclü əsərlərindən sayılır.

Şairin "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir.

Yaradıcılığı müxtəlif illərdə nəfis kitablar şəklində oxuculara təqdim edilib.

Rəsul Rza 1981-ci ilin bu günü, yəni aprelin 1-də Bakıda vəfat edib. Şairin məzarı Fəxri xiyabandadır.

Son xəbərlər