Həkimlərin danışmağı qadağan etdiyi Xalq artistinin məzarına gül qoyan naməlum qadın kim idi? - FOTO
Bu gün aktyor, Xalq artisti Hamlet Xanızadənin anım günüdür.
BAKU.WS Kulis.az-a istinadən aktyor haqqında on maraqlı faktı təqdim edir.
Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. Orta məktəbi bitirəndən sonra atası Bəbir kişinin etirazlarına baxmayaraq, indiki İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə oranı başa vuraraq Akademik Dram Teatrına aktyor kimi işə düzəlib.
Dostu Kamal Xudaverdiyevin evinə gedəndə onun qonşuluğunda yaşayan Nailə adlı qadına vurulub. Aktyor 1971-ci ildə Nailə ilə ailə qurub. Onların iki qızı dünyaya gəlib.
Teatr səhnəsində ən unudulmaz obrazı “İblis” tamaşasındakı İblis obrazı olub. Bu tamaşada aktyorun dublyoru Həsən Turabov olub. Hər iki aktyor rolu gözəl ifa etsələr də, İblis əsasən Hamlet Xanızadənin ifası ilə yaddaşlarda qalıb. Lakin bu obraz aktyorun teatrdakı son rolu olub. Bu tamaşadan sonra Hamlet Xanızadə həmişəlik teatrdan gedib.
Teatrdan uzaqlaşandan sonra baş verən 20 Yanvar hadisələri də aktyorun səhhətinə pis təsir edib. 20 Yanvar hadisələrinin səhəri günü Hamlet Xanızadə dostları ilə birgə şəhərin mərkəzinə gedib. Oradakı yaralıların daşınmasına, meyitlərin tapılıb ailələrinə verilməsinə köməklik edib. Lakin aktyorun qəlbi baş verən hadisələrə tab gətirməyib.
Ölümündən iki gün əvvəl ailə üzvlərini də götürüb doğulub boya-başa çatdığı Şağan kəndinə gedib. Qohum-əqrəbasının hamısı ilə görüşüb, söhbət edib, hətta 20 Yanvar hadisələrindən danışıb, ağlayıb. Növbəti gün yenidən Şəhidlər xiyabanına gedəndə orada qəfildən halı pisləşib, başından ağrı tutub. Dostları onu evə gətirəndə məlum olub ki, aktyorun beyninə qan sızıb. Həmin günü xəstəxanaya yerləşdirilən aktyor ertəsi gün fevralın 3-də 48 yaşında dünyasını dəyişib.
Hamlet Xanızadə dünyasını dəyişənə qədər qohumları ilə münasibəti çox yaxşı olub. Lakin onun ölümündən sonra ən yaxın qohumları belə onun ailəsini tək qoyublar.
“Qətl günü” filmi onun son çəkildiyi film olub. Filmdən əvvəl isə Hamlet Xanızadə Fuad Poladov və Nəsir Sadıqzadə ilə birlikdə qəzaya düşüblər. Aktyor çox ağır əməliyyat keçirib. Həkimlər ona danışmağı və ağır işi qadağan etsələr də, o, buna əməl etməyib və rejisor Gülbəniz Əzimzadənin dəvəti ilə “Qətl günü” filminə çəkilib və filmdə üç fərqli rol ifa edib.
Aktyorun evində uzun illər telefon olmayıb. Bir dəfə bu barədə məmurlardan birinə müraciət etsə də, onun xahişini nəzərə almayıblar. Buna görə də o, bir də heç vaxt bu barədə heç kimə müraciət etməyib. Aktyora kimsə zəng vuranda, qonşularına zəng vurub, onu telefona çağırıblar. O da qonşuya gedib telefonla danışıb. Dünyasını dəyişəndən sonra isə Fuad Poladovun köməkliyi ilə aktyorun evinə telefon çəkilib.
Fuad Poladovla çox yaxın dost olublar. “Qətl günü” filminin çəkilişləri bitəndən sonra aktyorun ölməsi filmin səslənməsini yarımçıq qoyub. Onun obrazını səsləndirmək Fuad Poladova tapşırılanda xeyli tərəddüd edib, deyib: “Mən səsimi Hamletin səsinə oxşada bilmərəm. Oxşatsam belə, Hamletə baxa-baxa bunu etmək mənim üçün çox çətin olar...”
Deyilənə görə, aktyorun qəbri üstünə mütəmadi olaraq bir qadın tərəfindən qırmızı güllər qoyulub. Bu barədə aktyorun ailəsi heç bir məlumata sahib olmasa da, kənd adamlarının dediyinə görə, hər dəfə hündürboylu bir qadın avtomobillə gəlib gülləri düzüb, bir müddət orda ağlayıb gedib. Aktyor öləndə onun üçün ən çox və yanıqlı-yanıqlı ağlayan qadınlardan biri rejisor Gülbəniz Əzimzadə, digəri isə aktrisa Zərnigar Atakişiyeva olub. Onların hər ikisi Hamlet Xanızadənin qırx mərasiminə qədər evlərinə gedib gəlib.
Oxşar xəbərlər
Ayaqları tutuldu, haqqında şayiələr yayıldı - Xalq artisti hansı tamaşasına heç vaxt baxa bilmədi?
BAKU.WS Kulis.az-a istinadən aktrisa, Xalq artisti Səidə Quliyeva haqqında maraqlı faktları təqdim edir. Səidə Əbülfəz qızı Quliyeva 5 mart 1957-ci ildə Bakıda...