Görkəmli kinorejissor Rasim Ocaqovun doğum günüdür
Xalq artisti, kinorejissor Rasim Ocaqovun anadan olmasından 90 il ötür.
BAKU.WS xəbər verir ki, Ocaqov Rasim Mirqasım oğlu 1933-cü ilin bu günü, yəni noyabrın 22-də Şəkidə doğulub.
Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Bundan sonra gənc fotoqraf bu sənəti dərindən öyrənməyə başlayır.
Ocaqov orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini bitirərək 1961-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb. Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirə layiqdir.Əmək fəaliyyətinə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb.
Sumqayıt metallurqlarının həyatından bəhs edən "Onun böyük ürəyi" filmi R.Ocaqovun ilk sərbəst işi olub.Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb. "Tütək səsi", "Ad günü", "Ölsəm bağışla", "İstintaq"və digər bənzərsiz filmlərin rejissoru Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb.
Rejissor kimi ilk işi yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi "Tütək səsi" filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib.
Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.
Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib. Milli zəmində lentə alınmış sənət nümunələri Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi "Qətldən 7 gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir.
Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.
Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.
O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib. Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir.
Xalq artisti Rasim Ocaqov 2006-cı ildə Bakıda vəfat edib.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür
Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür. BAKU.WS xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür. Tofiq Ələkbər oğlu Quliyev 191...