Əməkdar artist Səməndər Rzayevin vəfatından 37 il ötür

Əməkdar artist Səməndər Rzayevin vəfatından 37 il ötür
Mədəniyyət 77

Bu gün Əməkdar artist, istedadlı qiraət ustası Səməndər Rzayevin anım günüdür.

BAKU.WS xəbər verir ki, sevilən aktyorun ölümündən 37 il ötür.

Səməndər Mənsim oğlu Rzayev 1945-ci ilin yanvarın 2-də Ağsuda doğulub. 1964-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" fakültəsinə daxil olub, dövrün böyük ustad sənətkarları Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərovdan sənətin sirlərini öyrənib.

1968-ci ildən rejissor Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Əsrarəngiz səsi, incə yumoru, həssas qəlbi ilə bir-birindən fərqli rollar yaradan usta sənətkar teatr səhnəsində, televiziya tamaşalarında, filmlərdə tamaşaçı rəğbəti qazanıb, yaddaşlara həkk olunub.

Azərbaycan filmi üçün ən məhsuldar sənətkarlardan biri olan S.Rzayev əllidən artıq filmdə istər aktyor, istərsə də dublyaj səsləndirmələrində yüksək peşəkarlıqla sənətkarlıq nümayiş etdirib.

Aktyorun Evləri köndələn yar (film, 1982) - rol: Şakir Şirinov, Qatır Məmməd (film, 1974) - rol: Əhəd/film səsləndirən: Müller (Olev Eskola),İstintaq (film, 1979) - film səsləndirən: Seyfi (Aleksandr Kalyagin),Babamızın babasının babası (film, 1981) - rol: Əliquliyev, Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Faiq, Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-səsləndirən: Nadir (Hüseynağa Sadıqov), Bəyin oğurlanması (film, 1985) - rol: sovxoz müdiri Hidayət müəllim, Dədə Qorqud (film, 1975) - film səsləndirən: Qazan Xan (Həşim Qadoyev), Dəli Kür (film, 1969) - film səsləndirən: Polis rəisi (Vadim Qraçov) kimi ekran əsərlərində müxtəlif rollar və dublyaj edib.

S.Rzayevin aparıcısı olduğu "Bulaq" radio verilişi həmin dövr nəslinin mənəvi zənginliyinə xidmət edən ən dəyərli işlərindəndir. Usta aktyorun səs tempri ilə onun səsləndirdiyi xalq yaradıcılığı vəhdətinin möhtəşəm təsiri uzun illər dinləyici yaddaşının əvəzolunmaz mənəvi qidası idi.

Əməkdar artist 1986-ci ilin bu günü, yəni martın 27-də 41 yaşında dünyasını dəyişib.

Son xəbərlər