“İçərişəhər”də yeni incəsənət-xeyriyyə layihəsi
Dünyada hazırda yaşanan koronavirus (COVİD-19) pandemiyası dövründə ölkəmizin müxtəlif sahələrində - o cümlədən olduqca zəngin və əhəmiyyətli incəsənət sahəsində də çalışanlara dəstək mühüm əhəmiyyət kəsb edir.
“İçərişəhər” DTMQ İdarəsinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, digər istiqamətlərdə olduğu kimi, incəsənət xadimlərinin də fəaliyyətlərini davam etdirməsi öz istedadları ilə hamımızı sevindirmək və bu ağır günlərə rənglər qatmaq üçün gözəl bir imkan ola bilər.
Məhz bununla bağlı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu sahədə görülən işlərdə daim yaxından iştirak etməkdədir və bunun davamı kimi, İdarənin təşəbbüsü ilə yeni incəsənət-xeyriyyə aksiyasının həyata keçirilməsi planlaşdırılır.
Aksiya çərçivəsində İdarə öz hesabına ölkəmizin bir neçə gənc istedadlı rəssamlarına - Bəhruz Kənqərliyə, Səyalı Məmmədovaya, Orxan Qarayevə, İmran Mehdiyevə və Vüsalə Ağarzayevaya - dünyada bu günün əsas mövzusu olan koronavirusla mübarizəyə həsr edilmiş rəsmlərin çəkilməsini sifariş etmişdir. Rəsmlər daha sonra İdarə tərəfindən xüsusi təşkil edilmiş auksiona çıxarılacaq. Auksion onlayn qaydada əvvəlcədən İdarə tərəfindən əlavə elan ediləcək vaxtda qapalı şəkildə keçiriləcək.
Qeyd edək ki, auksionda rəsmlərin satışından əldə olunacaq məbləğ İdarə tərəfindən tam şəkildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.
#BizBirlikdəGüclüyük
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...