BMT-də Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

BMT-də Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
Mədəniyyət 15

Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında təşkil olunan yüksək səviyyəli paneldə iştirak edib.

Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyə verdiyi töhfələrdən, eləcə də "Bakı Prosesi"nin mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma kimi rolundan danışıb.

Səfər çərçivəsində nümayəndə heyəti BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Filip Pauler, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və qurumun direktoru Nihal Saad, həmçinin BMT Qadınlar Təşkilatının baş direktorunun müavini Nyaradzayi Gumbonzvanda ilə görüşlər keçirib.

Görüşlərdə gənclər və qadınların mədəni proseslərdə iştirakı, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ümumdünya Dinlərarası Harmoniya Həftəsi fevralın 7-nə kimi davam edəcək.

Son xəbərlər