Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi

Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin birgə ərsəyə gətirdiyi ekran işi ilk dəfə Nizami Kino Mərkəzində tamaşaçılara təqdim edilib.
Bədii-sənədli filmdə 33 il əvvəl, yəni 1992-ci ildə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy ekranlaşdırılıb.
Bu barədə danışan "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, həmin toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova tapılaraq yarımçıq qalan toy haqqında film çəkilib. Artıq çəkiliş meydanında illər əvvəl yarımçıq qalan toy sonlandırılıb:
""Xocalı. Son toy..." sənədli-bədii filmdir. İdeyası Xocalıda keçirilən son toydan qalan bir fotodan ilhamlanıb. Hansı ki, o toy 1992-ci il yanvarın 18-də olub. Həmin vaxtlar ermənilərin Xocalıya tez-tez hücumları olurdu. Bu toy da hücumlar səbəbindən sonlandırılmamışdı. Bəy və gəlini, o cümlədən toyda iştirak edənləri tapdıq və bu toyu sonlandırmaq istədik. Filmin bir hissəsini bəylə gəlinin qohumlarının evində çəkdik. Bu sənədli-bədii film olduğun üçün aktyorların zahiri görünüşü vacib məqamlardan biri idi. Biz aktyorlar arasında kastinq keçirdik və öz əməkdaşlarımızdan bəylə gəlinə daha çox bənzəyən iki aktyor seçdik".

"Xocalı. Son toy..." filmin baş rollarından biri "Vasif bəyi" canlandıran jurnalist Tuncay Türbəndəzadə çəkilişlərin normal keçdiyini deyib. O bildirib ki, bu film bizim tariximizdir:
"Bu filmdə rol almağım qürurvericidir. Bu adi bir film deyil həm də bizim tariximizdir. Xocalı unudulmamlıdır. Çəkilişlər yaxşı keçdi. İki hissədən ibarət idi. Mən bu filmdə iki gün ərzində rol aldım. Vasif rolunu canlandırırdım. Heç bir çətinlik olmadı. Orada Vasif bəyin özü ilə də danışdım".

1992-ci il yanvarın 18-də keçirilən toy ermənilərin raket atəşi nəticəsində yarımçıq qalıb. Bu barədə bəyin (Vasif Qafarov) qayını Şakir Mehdiyev BAKU.WS-ə açıqlamasında bidirib. Həmin vaxtı onun 26 yaşı olub
"1992-ci il yanvarın 18-i saat 20:00 və 21:00 radələrində ermənilər toyu raket atəşi ilə dağıtdılar. O vaxtdan toy yarımçıq qaldı. Bu toyun tarixçəsi isə fotoqrafın bizə təsadüfən gətirdiyi şəkildən sonra yarandı. Biz o şəkili saxladıq. O toy olan ili mənim 26 yaşım var idi".

Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimi davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.
Vasif bəylə Dürdanə xanım uzun müddət nişanlı olduqları üçün ailələr onlara toy etmək məcburiyyətində qalıb. Bu barədə bəyin bacısı Rəhilə Qafarova danışıb:
"O toy atamın evində oldu. Biz həmin vaxtlar onsuz da bildirdik ki, vəziyyət pisdir. Amma Dürdanə ilə Vasif uzun müddət nişanlı idi deyə biz o toyu etməyə məcbur olduq. Həmin gün ermənilər Xocalıya tez-tez atmağa başladılar. Bizim kənd dağın yanında idi. Ermənilər oaradan bizə raket atırdılar. O toyu dayandırmadıq. Toy oldu, amma hamı orada qorxu içində idi. Bizim heç ağlımıza da gəlməzdi ki, bu toy illər sonra yenidən canlanar. Toyda atamla anamın rəqsi olan kadrlar var. Onlar da filmdə nümayiş olunur. Bu film çəkilən zaman illər əvvəl o toya necə hazırlaşdığımızı xatırladım.

Ekran işininin ideya və ssenari müəllifi Niyam Şirinov bu filmin tarixşəsinin 5 il əvvəl başladığını bildirib:
"Bu toy yanvarın 18-də Xocalıda baş verdi və ondan sonra bir daha orada toy olmadı. Bu son toy idi. Təsadüf nəticəsində mən 2020-ci il fevralın 26-da elə "Xocalı Soyqrımı" günü həmin toydakı gəlini tapdım və müsahibə aldım. Orada məlum oldu ki, gəlinlə bəy sağdır. Onlar həmin vaxt həlak olmayıblar. Biz danışdıq ki, torpaqlarımız azad olunduqdan sonra biz orada bu toyun davamını film şəkilində ekranlaşdıracağıq.Həmin ilin sentyabrında II Qarabağ müharibəsi oldu və biz torpaqlarımızı aldıq. Bu filmi isə bu yay çəkdik. Biz o toydakı insanları yenidən Xocalıya apardıq".

Ekran işinin quruluşçu rejissoru Yusif Ələkbərzadə isə filmin iki ayrı hissəsədən ibarət olduğunu, bir hissəsinin Xocalıda digər hissəsinin isə Ağsuda çəkildiyini vurğulayıb:
"Biz bu ilin yayında həmin illər əvvəl toyda iştirak edən bütün heyətlə Xocalıya yollandıq. Onların 33 il sonra Xocalını görməyi gözlərimin önündən getmir. Biz onların hekayləri əsasında səhnələri çəkdik. Ağsu rayonunun Ləngəbiz kəndini Xocalıya bənzətdiyimiz üçün bəddii hissəni də orada sənədli hissəni isə Xocalıda ekranlaşdırdıq. Filmdə məşhur aktyorlardan Mətləb Səfrov da rol alıb".

Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir. "Xocalı. Son toy..." filminin xronometrajı 40-42 dəqiqədir. Ekran işi təqdimatdan sonra yerli kinoteatrlarda da nümayiş oluncaq. Daha sonra televiziyada yayımlanacaq. Daha sonra internet portalların yerləşdiriləcək.


Xatırladaq ki, filmin layihə rəhbəri "Global Media Group" İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.
Zöhrə Pənah
Qalereya
Oxşar xəbərlər
Bu gün Cabir Novruzun doğum günüdür
Bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür. Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olub. M.Ə.Sabir adına Ba...
