Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Xəbər verdiyimiz kimi, ölkəmiz 7–11 oktyabr tarixlərində keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sərgi məkanında milli stendimiz qurulub.
Sərgi çərçivəsində oktyabrın 8-də "Asiya" təqdimat səhnəsində "Avrasiya kitab bazarları" adlı panel müzakirəsi keçirilib. Paneldə Avrasiya regionunda, o cümlədən Azərbaycanda nəşriyyat sənayesinin inkişaf perspektivləri, kitab bazarının mövcud vəziyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə Norveç Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən NORLA ədəbiyyat təşkilatının rəhbərliyi arasında işgüzar görüş olub. Görüşdə Azərbaycan və Norveç arasında ədəbi əlaqələrin inkişafı, tərcümə və nəşr sahəsində əməkdaşlıq imkanları, həmçinin Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə statusunda iştirakı müzakirə olunub.
Sərginin ilk iki günü ərzində Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə B2B formatında görüşlər keçirilib. Görüşlərdə "Ağıllı bala", "Everest", MİMTA, "Ali və Nino", "Libra" və "TEAS Press" nəşriyyatları iştirak edib.
Azərbaycan nəşriyyatlarının nümayəndələri ilə ABŞ-dan "Capstone Publishers", Türkiyədən "TÜBİTAK Popüler Bilim Yayınları", "Elma Yayınevi" və "Timaş Yayınları", İspaniyadan "Grupo Editorial Sargantana" və "Cuentos con valores", Sloveniyadan "Mladinska knjiga" və digər xarici nəşriyyatların təmsilçiləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşlər zamanı müəllif hüquqları, Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi, xarici nəşriyyat bazarlarına çıxış və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran əsərlərin müəyyənləşdirilməsi və növbəti mərhələdə müəllif hüquqlarının əldə edilməsi və təmsil olunması istiqamətində əməkdaşlığın davam etdirilməsi kimi nüanslara toxunulub.
Keçirilən görüşlər Azərbaycan nəşriyyatlarının beynəlxalq nəşriyyat şəbəkəsinə inteqrasiyasının genişləndirilməsi, yerli müəlliflərin əsərlərinin xarici bazarlara çıxarılması və Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.
Qalereya
Oxşar xəbərlər
Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaqla bağlı reabilit...