SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün dahi bəstəkar, pedaqoq, Xalq artisti Cahangir Cahangirovun anım günüdür. 

BAKU.WS xəbər verir ki, mərhum bəstəkar artıq 31 ildir ki, aramızda yoxdur.

Cahangir Cahangirov 1921-ci ilin iyunun 20-də Bakıda doğulub, musiqi təhsilini ilkin olaraq Asəf Zeynallı adına Bakı Musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında alıb.

Onun yaradıcılığı  çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları və mahnıları var. Cahangir Cahangirovun xor musiqisi sahəsində maraqlı əsərlərindən olan "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürləri bu qəbildəndirlər.

Bu əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.

Onlarla sevilən mahnı, simfonik əsər, kantata, xor musiqisivə operanın müəllifi olan C.Cahangirov xalq tərəfindən sevilib, müxtəlif fəxri adlarla təltif olunub.

Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operasında musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.

"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır.

1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilmişdir. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır.

Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Canahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir.

Dahi bəstəkar çoxlu lirik mahnıların da müəllifidir. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu janr ona daha çox müvəffəqiyyət gətirmişdir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.

Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında yayılmışdır. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana kür" və "Bayatılar" mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.

Xalq artistinin mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Canahgirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.

Cahangir Cahangirov 1992-ci ilin bu günü, yəni martın 25-də 72 yaşında dünyasını dəyişib. Onun haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli filmi çəkilib.

BAKU.WS