Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisinin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilir.

Ekspozisiyada, həmçinin kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, prima-balerina Maya Plisetskayanın şəxsi qarderobundan geyimlər nümayiş etdirilir. Sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənir.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov və məşhur müğənni Nigar Camal da iştirak edib.

BAKU.WS