Qurban bayramı - İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində bu bayram çox yüksək səviyyədə qeyd olunur. Bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Görəsən, məşhurlar necə - bu müqəddəs gündə qurban kəsəcəklərmi?

BAKU.WS-in məlumatına görə, Trend-in əməkdaşı bu suala cavab almaq üçün onlara müraciət edib.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov hər il olduğu kimi, bu il də qurban kəsəcəyini bildirib: "Bu, bizim ailədə adətdir. Hər il Qurban Bayramında qurban kəsir, ehtiyacı olanlara paylayırıq. Bu bayramda da ənənəyə sadiq qalacağıq. Mən dörd dəfə Həcc ziyarətində olmuşam. Bir Hacı kimi borcumdur ki, dini qaydalara riayət edim”.

Milli Məclisin deputatı Azər Badamov da qurban kəsəcəyini deyib: "Əslinə qalsa, mən bunu gizli saxlamağa çalışıram. Hesab edirəm ki, insan etdiyi səxavəti dilə gətirməməlidir. Hər il olduğu kimi, bu il də qurban kəsəcəyəm”.

"Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı hər il qurban kəsdiyini deyir: "Qurban kəsmək, ehtiyacı olanlara paylamaq hər bir müsəlmanın borcudur. Bu baxımdan mən də bayram günlərində qurban kəsməyi, ənənəni davam etdirməyi düşünürəm”.

"İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin sədr müavini Vüqar Rəhimzadə hər il qurban kəsdiyini deyir: "Gözümüzü açandan ailədə qurbanlar kəsildiyini görmüşük. Biz də ənənəni davam etdiririk”.

Tanınmış riyaziyyatçı alim, akademik Fikrət Əliyev də qurban kəsəcəyini bildirib: "Hər il Qurban Bayramında qurban kəsib, ehtiyacı olanlara paylayırıq. Hətta ateizmin hökm sürdüyü sovet dövründə də bu qaydalara riayət edirdik. Bu il də qurban kəsib ehtiyacı olanlara bayram sovqatı göndərəcəyik”.

BAKU.WS