SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun və Xudayar Yusifzadənin şəhid olmasından 2 il ötür.

BAKU.WS xəbər verir ki, Şükür Həmidov 2020-ci ilin oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ş.Həmidov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub.
1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə gedib.

1990-cı ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə liseyi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) daxil olub.

1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə sığınıb və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayıblar.

1995-ci ildə ali hərbi təhsilini başa vuran Ş.Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib.

1995-ci il iyunun 7-dən 1999-cu il iyunun 22-nə qədər Culfa şəhərində "N" saylı hərbi hissədə motoatıcı tağımın komandiri vəzifəsində xidmət edib.

Daha sonra Ş.Həmidov Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini təyin edilib.

O, Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin azad olunması zamanı fərqlənib, buna görə də Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Ş.Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.

Ş.Həmidov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi, 2 övladı yadigar qalıb.

Eyni zamanda bu gün Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından 2 il ötür.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Qeyd edək ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar: üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və gizir hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni, Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini ifa edib və bu telefon vasitəsilə lentə alınıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət alıb və Xudayar Yusifzadə qısa müddət ərzində daha çox tanınıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BAKU.WS