VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xoşqədəm Hidayətqızı daha bir cinayətin üstünü açdı.

BAKU.WS xəbər verir ki, 13 il əvvəl Rusiyada itkin düşən Natiq Məmmədovun bacanağı Ədalət tərəfindən qətlə yetirildiyi üzə çıxıb. 
Cinayət pul üstündə törədilib. 

10 ildir Natiqin axtarışlarını aparan "Səni axtarıram" yekun nəticəni əldə edib. Xoşqədəm xanım aparıcısı və layihə rəhbəri olduğu proqramın Rusiyanın Tumen vilayətinin hüquq-mühafizə orqanları ilə birgə axtarışlarının nəticəsini efirdə səsləndirib: 

"Rusiyanın Tumen vilayətinin Cinayət-İstintaq idarəsi tərəfindən Məmmədov Natiq Mirələm oğlunun axtarışı yekunlaşdırılıb. Onun cəsədi Tumen şəhəri ətrafındakı meşə ərazisindən tapılıb. Hazırda Süleymanov Ədalət hadisəni törətdiyini, Natiqi meşəyə apararaq orada qətlə yetirdiyini etiraf edib. Hazırda Süleymanov Ədalət barəsində cinayət işi açılıb və o, həbs olunub".

 Qeyd edək ki, qətlə yetirilən N.Məmmədovun bacısı 2011-ci ildən Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramı vasitəsilə onu axtarırdı. Natiq sonuncu dəfə 2007-ci ildə "Yeni il" bayramı ərəfəsində ailəsilə birlikdə Azərbaycana gəlib. Qısa müddətdən sonra ailəsilə birlikdə Rusiyaya qayıdıb. 2007-ci ilin mart ayında həyat yoldaşı və uşaqları Natiqsiz Bakıya qayıdıb. Rusiyaya qayıtdıqdan sonra bacısı və qardaşları onunla əlaqə saxlaya bilməyib. Natiqin hadisə törədilən zaman 15 yaşında olan qızı Röya 9 il əvvəl "Səni axtarıram" proqramına atasının Ədalət tərəfindən öldürüldüyünü bildirmişdi. Lakin o, sonradan fikirlərini düzgün ifadə etmədiyini bildirərək bu iddiasını təkzib etmişdi. 

 

"Səni axtarıram" Natiqin Tumendə axtarışlarını apararkən Ədalət Süleymanovu danışdırmışdı. Ədalət Natiqlə heç bir problemi olmadığını, əksinə hər zaman ona kömək olduğunu bildirərək şübhələri üzərindən yayındırmağa çalışmışdı. Hətta onu qətl hadisəsində şübhəli bilib adını efirdə qatil kimi hallandırdığı üçün Xoşqədəm Hidayətqızını dəfələrlə ölümlə hədələmişdi.  

Bu cinayət hadisəsində daha bir təəssüfedici məqam Natiqin həyat yoldaşı Elmiranın qatili - bacısının ərini qorumasıdır. Elmira Ədaləti qorumaq üçün yalan ifadələr verirdi və məsələni efirdə müzakirəyə çıxardığına görə Xoşqədəm Hidayətqızını məhkəməyə verəcəyilə hədələyirdi. 

Aparıcı bu illər ərzində təzyiqlərə məruz qalsa da, axtarışları dayandırmadı və nəticədə həqiqət üzə çıxdı. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO