Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə məlumat verib.


Bildirilib ki, əməliyyat Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı rayon ərazisində avtomobildən oğurluq edən şəxslər saxlanılıblar.


Saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Rizvan Quliyev və T.Mustafazadənin ətrafında araşdırmalar aparılıb.


Aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.


Oktyabrın 23-nə keçən gecə Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində şəhər sakinləri E.Hacıyevin və S.Novruzovun “Mercedes” markalı, R.Şahverdiyevin isə “KİA” markalı avtomobillərindən pul, mobil telefon aksesuarları və məişət əşyalarının oğurlanması barədə 1-ci polis bölməsinə müraciət daxil olub.


Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Elvin Məhərrəmov və Bakı şəhər sakini Ramil Salahov saxlanılıblar.


Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində 4 avtomobildən pul və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakini Eşqin Qurbanov saxlanılıb.


Faktlarla bağlı araşdırmalar aparılır.


Qeyd edək ki, yuxarıda adı zərərçəkmiş kimi çəkilən Nurlan Növrəsli tanınmış müğənnidir.


BAKU.WS