Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə "qoparmağa” çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir.

BAKU.WS xəbər verir ki, qafqazinfo.az bu mövzuda qısa araşdırma apararaq "MTN endirimləri”nin siyahısını hazırlayıb. Zərərçəkən şəxslərin ifadələrindən görünür ki, əksər şəxslərdən ilk olaraq 100 min – 1 milyon arası məbləğ tələb edilib, sonra isə güzəştlər başlayıb. Bir neçə şəxs isə ilk tələb olunan pulu tam ödəyib. Bunlardan biri də "Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdur. T.Əhmədov ondan tələb olunan 3 milyon manatı necə deyərlər, qəpiyinə kimi ödəyib. Bu məsələdə bir nəfərin şansı gətirib, 2 nəfərin isə köməyinə başqa bir məmur çatıb. Şansı gətirən şəxs sahibkar deyil, sıravi vətəndaş Səbuhi Məcidovdur. Bu şəxs maddi çətinlikləri olduğu üçün bağ evini satıb və 64 min manat beh alıb. Pulu aldığı obyektdən çıxan kimi MTN-çilər onu saxlayıb və nazirliyə aparıb, üstündəki pul də mənimsənilib. Ondan buraxılması üçün 300 min manat tələb olunub. Lakin qəti olaraq bu pulu verə bilməyəcəyini dedikdə o, 1 həftə nazirlikdə saxlanılıb. Sonda isə "sənin telefon danışıqlarına qulaq asmışıq, düz deyirsən, həqiqətən də pulun yoxdur”,- deyərək sərbəst buraxıblar.

Digər dövlət qurumlarında yüksək vəzifədə işləyən qohumları olduqları üçün canlarını qurtaran şəxslər isə sahibkarlar Ərəstun Nəsibov və Sabir Fərzəliyevdir. Ə.Nəsibovun buraxılmasını onun biznes ortağı Arif Vəliyevin dostu Vergilər Nazirliyinin İbtidai İstintaq Departamentinin sabiq rəisi, general Vidadi Məmmədov qudası, MTN generalı Sübahir Qurbanovdan xahiş edib. Ə.Nəsibov buraxılsa da, MTN-çilərin xahişi ilə onlar üçün "ətir səbəti” hədiyyə edib.

S.Fərzəliyev nazirliyə aparıldıqdan sonra ona "Sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəmizə gətirirsən”,- deyilib və buraxılması üçün 200 min manat tələb olunub. Təsadüfən, DGK-nın qaçalmalçılığa qarşı mübarizə idarəsinin şöbə rəisi Malik adlı şəxs onun tanışı olub. Bu barədə ona məlumat verib, DGK vəzifəlisinin xahişi ilə o, sərbəst buraxılıb. Bir müddət sonra isə MTN zabiti Natiq Alıyevin xahişi ilə onun evinin taxtalarını almaq üçün 7 min manat ödəyib.

MTN-də saxlanılan 31 nəfərdən tələb olunan və endirim edilərək alınan pulların məbləğlərinin siyahısını təqdim edirik:

Sıra


Saxlanılan şəxs

Tələb olunan məbləğ

Endirimlə ödənilmiş məbləğ
1
"Riyad Prodakşn” MMC-nin sahibi Şahmar Qurbanov
1 milyon
500 min
2
"MTK Real”ın sahibi İlham Qasımov
500 min
250 min
3
"Azərtikinti-ATF” MMC sədri Azər Quliyev
1,2 milyon
190 min
4
"Moda” dükanının sahibi Əbil Vəzirov
200 min
80 min
5
"Badi-Kubə”, "Yeni Yasamal” MTK-ların sahibi Nəsib Əliyev
100 min
80 min
6
"Karvansaray-2010” MMC-nin təsisçiləri Nadir Quliyev və Nizami Quliyev
1 milyon
100 min
7
Zərgər Elçin Hacıyev
150 min
80 min
8
"Met-ak” MMC sahibi Alik Kərimov
50 min
10 min
9
"Nart” Ticarət Mərkəzində sahibkar Aydın Musayev
500 min
300 min
10
Zərgər Mübariz Paşayev
1 milyon
225 min
11
Zərgər Elman Kərimov
150 min
100 min
12
Zərgər Rauf Həsənov
600 min
300 min
13
Zərgər Rəşad Mehrəliyev
100 min
65 min
14
Sahibkar Ehtibar Rzayev
100 min
50 min
15
Zərgər Azad Əzimov
200 min
50 min
16
Zərgər İlqar Əliyev
500 min
150 min
17
"Qardaşlar mebel” MMC-nin rəhbəri Əli Mirzəyev
2 milyon
500 min
18
Daşkəsən rayon icra başçısı Əhəd Abıyev
1 milyon
686 min
19
Sahibkar Nizami Quliyev
200 min
50 min
20
Vətəndaş Əşrəf Kabulov
50 min
30 min
21
Vətəndaş Səbuhi Məcidov
300 min
0
22
Sahibkar Ələddin İbadov
150 min
50 min
23
"VİB” MMC rəhbəri Zabil Salmanov
3 milyon
437 min
24
Sahibkar Ərəstun Nəsibov
1 milyon
4 min
25
"Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev
500 min
250 min
26
Sahibkar Saleh Səmədov
1 milyon
300 min
27
Sahibkar Sabir Fərzəliyev
200 min
7 min
28
"Arazplast” MMC-nin müdiri Elman Muradov
1 milyon
80 min
29
Valyuta dəyişmə məntəqəsi sahibi Elşən Həsənov
500 min
200 min
30
"Elnur-2” MMC sahibi Xudayar Rəhimov
1 milyon
200 min
31
Zərgər Cahangir Aslan
200 min
50 min